Donald Trampın "Panama böhranı": Geri dönüşü olmayan fəth
Panamanın xarici işlər naziri Xavyer Martines Aça (Javier Martinez-Acha) mətbuat açıqlamasında, "Panama kanalı"nın ölkəsinin tam suverenlik mübarizəsinin bir hissəsi olduğunu vurğulayaraq, "Panama kanalı geri dönüşü olmayan bir fəthdir" ifadəsini işlədib.
Valyuta.Az xəbər verir ki, Martines Aça, Panama prezidenti Xose Raul Mulino (José Raúl Mulino) sözlərini xatırladaraq deyib: "Kanalımızın suverenliyi müzakirə olunmaz. Kanalı idarə edən yeganə güc Panamadır və bu belə də qalacaq."
Nazir, Donald Trampın prezidentliyə başlamasından sonra iki ölkə arasındakı münasibətlərin rəsmi, adi və müvafiq kanallar vasitəsilə davam edəcəyini bildirib.
Aça əlavə edib ki, "Panama kanalı" ölkəsinin dialoqa hər zaman açıq olduğunu nümayiş etdirir. O deyib: "Kanalımız insanlığa və ticarətə xidmət etmək missiyasına malikdir. Bu, panamalıların dünyaya təqdim etdiyi ən böyük dəyərlərdən biridir. Bundan əlavə, beynəlxalq ictimaiyyətə təmin edirik ki, hər hansı bir münaqişədə tərəf olmayacaq və ya aktiv iştirak etməyəcəyik."
Qeyd edək ki, Donald Trampın əvvəlki açıqlamalarında "Panama kanalı" və Qrenlandiyanın (Greenland) nəzarətə götürülməsi üçün zəruri halda hərbi müdaxiləyə hazır olacağını bəyan etməsi diqqət çəkmişdi. Tramp belə deyib: "Bu iki məsələ haqqında sizə zəmanət verə bilmərəm. Ola bilsin ki, bir şeylər etməyimiz lazım olacaq. İqtisadi təhlükəsizliyimiz üçün bunlara ehtiyacımız var."
HƏMÇİNİN OXU: Trampın yaratdığı yeni böhran: "Panama kanalı" və tarixi
"Panama kanalı" mübahisəsi
Donald Tramp 22 dekabr tarixində "Panama kanalı"ndan istifadə üçün tələb olunan yüksək ödənişləri tənqid edərək, kanalın düzgün idarə olunmaması halında ABŞ-a geri qaytarılmasını tələb edəcəyini bəyan etmişdi.
O, ABŞ-ın keçmiş prezidenti Cimmi Karterin kanalın idarəsini Panamaya ötürməsini "səhv" adlandıraraq deyib: "Kanal başqalarının xeyrinə deyil, iki ölkə arasında əməkdaşlıq rəmzi olaraq Panamaya verilib."
Panama prezidenti Xose Raul Mulino isə Trampa cavab olaraq deyib: "Vətəndaşlarım, prezident olaraq qətiyyətlə bəyan edirəm ki, 'Panama kanalı' və ona aid bütün ərazilər hər metrkvadratı ilə Panamaya məxsusdur. Ölkəmizin suverenliyi və müstəqilliyi müzakirə mövzusu deyil. 'Panama kanalı' Panamaya məxsusdur və bu belə də qalacaq."
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay