2025-ci ildə Avropada turist axını gözlənilən üç az tanınan şəhər
Avropanın bəzi şəhərləri həddindən artıq turizm nəticəsində yaranan problemləri azaltmağa çalışdığı bir vaxtda, daha az tanınan istiqamətlər sakit və münasib qiymətli istirahət axtarışında olan turistlər üçün cazibədar hala gəlir.
Valyuta.az xəbər verir ki, səyahət mütəxəssisi Vinisius Kosta "Travel Off Path" üçün hazırladığı materialda turistlərin diqqətini cəlb edən üç az tanınan Avropa şəhərini qeyd edib.
1. Sen-Malo, Fransa
Fransanın ən şimal-qərb bölgəsi olan Bretan sahillərində yerləşən bu liman şəhəri uzun müddətdir fransızların sevimli dəniz kurortu olub. Lakin beynəlxalq miqyasda tanınması son dövrlərdə artmağa başlayıb.
Sen-Malo şəhəri II Dünya müharibəsində tamamilə dağıdıldıqdan sonra yenidən bərpa edilmiş köhnə şəhəri ilə məşhurdur. Şəhərin qarışıq üslubunda tikilmiş kilsəsi Notre-Dame de Paris ilə müqayisə edilə biləcək vitrajları ilə seçilir. Bundan başqa, burada uzun qumlu Plage du Sillon çimərliyi də yerləşir.
2024-cü ildə Sen-Maloda turizmin səviyyəsi 18% azalsa da, digər Fransa istiqamətlərindən fərqli olaraq, şəhər turistləri böyük məmnuniyyətlə qarşılamağa hazırdır.
2. Saloniki, Yunanıstan
Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki qədim liman şəhəri olaraq ellinizm, Roma, Bizans və Osmanlı dövrlərinə aid tarixi qalıqlarla zəngindir. Turistlər adətən Afina və Kiklad adalarına üstünlük verdiyi üçün bu şəhəri nəzərə almırlar, lakin Saloniki mütləq qiymətləndirilməlidir. Şəhərdə turistlərə qarşı münasibət daha müsbətdir.
Salonikidə qiymətlər Afina və ya Santorini adasından daha münasibdir. Həmçinin, şəhərdə yeni metro sistemi istifadəyə verilib. Bu, yalnız şəhərdaxili hərəkəti asanlaşdırmır, eyni zamanda turistlərin şəhərin zəngin keçmişi ilə tanış olmasına imkan yaradır.
3. Valyadolid, İspaniya
Əgər 2025-ci ildə turistlərlə dolu İspaniyanı ziyarət etməyi planlaşdırırsınızsa, Madridi, Barselonanı və ya Sevilyanı unudub, daha qeyri-adi yerləri nəzərdən keçirə bilərsiniz. Kiçik və sakit Valyadolid, turistlərə orta əsr abidələri, kral sarayları və təbii qidalardan hazırlanan yeməklər təqdim edir.
Tarix sevərlər mütləq Servantesin Evini ziyarət etməlidirlər. Burada məşhur "Don Kixot" əsərinin müəllifi yaşayıb. Bundan əlavə, məşhur dənizçi Xristofor Kolumb ömrünün son illərini burada keçirib və onun həyatını əks etdirən sənədlər şəhərdəki muzeydə saxlanılır.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay