Ötən ay dünyada ərzaq qiymətlərində ucuzlaşma olub
Dekabr ayında dünyadakı ərzaq qiymətlərinin indeksi əvvəlki ayla müqayisədə 1,5 faiz azalıb, şəkərin qlobal qiymətlərində kəskin azalma baş verib.
FAO indeksi ötən ilin dekabr ayı ilə müqayisədə 10,1 faiz aşağı düşüb.
Taxılın – buğda, qarğıdalı, düyü və arpanın qiymətlərində 1,5 faiz artım qeydə alınıb. FAO-nun yaydığı məlumatda qeyd edildiyi kimi, bu, qismən əsas ixracatçı ölkələrin tədarükünə mane olan logistika çatışmazlığı ilə əlaqədardır. Bununla yanaşı, taxıl üçün də 12 aylıq orta qiymət göstəricisi keçən il ilə müqayisədə 15,4 faiz azalıb. 2023-cü ildə yalnız düyünün qiyməti, əsasən, El Nino təbii fenomeninin düyü istehsalına təsiri və Hindistanın tətbiq etdiyi ixrac məhdudiyyətləri ilə bağlı narahatlıqlar səbəbindən bahalaşıb.
Bitki yağı noyabr ayı ilə müqayisədə 1,4 faiz ucuzlaşıb, ümumilikdə isə 2023-cü ildə bu göstərici əvvəlki illə müqayisədə 32,7 faiz aşağı düşüb.
Şəkər qiymətləri üzrə indeks noyabr ayı ilə müqayisədə 16,6 faiz azalaraq doqquz aylıq minimuma çatıb, lakin bu rəqəm hələ də 2022-ci ilin dekabr ayındakı göstəricidən 14,9 faiz çoxdur. Şəkər kotirovkalarının aşağı düşməsi, əsasən, Braziliyada yüksək istehsal templəri və Hindistanda etanol istehsalı üçün şəkər qamışından istifadənin azalması ilə əlaqədardır.
Ət qiymətləri üzrə indeks isə cari ilin noyabr ayı ilə müqayisədə 1 faiz, 2022-ci ilin dekabr ayı ilə müqayisədə 1,8 faiz azalıb. FAO-nun məlumatına əsasən, bu, Asiya ölkələrinin donuz ətinə idxal tələbatının az olması ilə əlaqədardır. İri istehsal bölgələrində bol ixrac tədarükünə baxmayaraq, mal və quş ətinə də müştərilərin tələbatı azalmağa doğru gedib. Qoyun ətinin qiymətləri, əksinə, bayram günləri ərəfəsində yüksəlib.
Ümumi tendensiyanın əksinə olaraq, süd məhsulları üzrə qiymət indeksi noyabr ayı ilə müqayisədə 1,6 faiz artıb, lakin onun qiyməti hələ də 2022-ci ilin dekabrındakı göstəricidən 16,1 faiz azdır. Aylıq artım, Qərbi Avropada bayram günləri ərəfəsində yüksək istehlakçı tələbatının olduğu kərə yağı və pendir qiymətlərinin artması ilə əlaqədardır. FAO-nun məlumatına əsasən, eyni zamanda, yüksək qlobal idxal tələbi bütün dünyada quru süd tədarükünün artmasına səbəb olub.
© Banker
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay