Pakistan Rusiya ilə uzunmüddətli neft müqaviləsi üzrə danışıqlar aparmaq istəyir
Pakistan öz enerji mənbələrini şaxələndirməyə və neft məhsullarının yüksək qiymətlərinin öhdəsindən gəlməyə çalışdığı bir vaxtda Rusiya neftinin idxalına dair uzunmüddətli saziş üzrə gələn ay Rusiya ilə danışıqlar aparacaq.
Valyuta.az xəbər verir ki, bu barədə yerli “The News” nəşri yazır.
Qəzetin mənbələrinin məlumatına görə, Pakistan nümayəndə heyəti oktyabrın 10-dan 12-dək Rusiya Federasiyasında keçiriləcək enerji konfransında iştirak edəcək və konfrans çərçivəsində Rusiya rəsmiləri ilə görüşərək enerji əməkdaşlığını müzakirə edəcək.
“Pakistanın energetika naziri Məhəmməd Əlinin başçılıq etdiyi nümayəndə heyəti bu konfrans çərçivəsində Rusiya rəsmiləri ilə görüş keçirəcək”, - mənbə bildirib.
Qəzetin həmsöhbətləri Pakistan nümayəndə heyətinin bu səfərinin gündəliyini təfərrüatlandıraraq bildiriblər ki, nümayəndə heyəti Rusiya neftinin Pakistana uzunmüddətli tədarükü, maye qazın tədarükü, həmçinin Şimal-Cənub qaz kəməri layihəsini müzakirə etməyi planlaşdırır.
Pakistan və Rusiya tərəfləri bu ilin iyununda Rusiya neftinin ilk partiyası Pakistana çatdıqdan sonra enerji məsələləri ilə bağlı ilk dəfə görüşəcək. O partiyadan sonra tədarük dayandırılıb.
“Son iki ay yarım ərzində yerli neft emalı zavodları Urals neftinin idxalına maraq göstərmədiyi üçün Rusiya neftinin idxalı üçün bir dənə də olsun yeni sifariş verilməyib”, - mənbələr nəşrə bildiriblər.
Rusiya neftinin ilk partiyası Pakistan Neft Emalı Zavodu (PRL) tərəfindən idxal edilib. PRL Pakistanda Urals neftini emal edən ilk və yeganə neft emalı zavodu olub.
Qəzet əlavə edir ki, Rusiya neftinin idxalı neft məhsullarının ümumi qiymətlərinə təsir etmədiyi üçün Pakistandakı son istehlakçılara heç bir qiymət endirimi gətirməyib.
Bununla belə, mənbələr Rusiyadan idxal olunan neftin kommersiya baxımından sərfəli olduğunu qeyd edirdilər, çünki ölkə belə neftin emalından xeyli gəlir əldə edib.
Mənbələr qeyd ediblər ki, Rusiya nefti yalnız bütün neft emalı zavodları onu müntəzəm olaraq idxal etməyə başladıqda fayda verə bilər, çünki yalnız bir neft emalı zavodunun idxalı ölkədə neft məhsullarının istehlak qiymətlərinə təsir etməyəcək.
Onlar bildiriblər ki, bir göndəriş kömək etməyəcək və Rusiya neftinin tədarükü üçün uzunmüddətli müqavilə ölkəyə neft məhsullarının yüksək qiymətlərinin öhdəsindən gəlməyə kömək edə bilər.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay