139 ilin ən güclü yağışı yağdı: Nəqliyyat dayandı, birja bağlandı...
Honq-Konq 1884-cü ildən bəri qeydə alınan ən güclü yağış səbəbindən qara (ən yüksək səviyyə) fırtına xəbərdarlığı altındadır.
Valyuta.az xəbər verir ki, şəhərin küçələrini su basıb, ictimai nəqliyyatın hərəkəti dayandırılıb, Honq-Konq Birjası və klirinq şirkəti HKEX hava şəraiti ilə əlaqədar ticarət sessiyalarının ləğv edildiyini açıqlayıb. Yağan leysan qonşu Şençjeni də vurub.
Honq-Konqda leysan yağışları barədə əhalini xəbərdar etmək üçün üç səviyyəli xəbərdarlıq sistemindən istifadə edilir. Sarı səviyyə yağışın intensivliyinin 30 mm/saatı, qırmızı səviyyəsi isə 50 mm/saatı keçdiyini göstərir. Fırtına xəbərdarlığının ən yüksək - qara səviyyəsi yağışın intensivliyi 70 mm/saat olduqda elan edilir. Daşqın təhlükəsi ilə əlaqədar metro və yerüstü ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.
"Mövcud qara fırtına xəbərdarlığı və bu gün qiymətli kağızlar və törəmə alətlər bazarlarında ekstremal ticarət şərtləri səbəbindən heç bir ticarət olmayacaq", deyə birjanın saytında yerləşdirilən mesajda deyilir.
Bundan əvvəl birja rəhbərliyi gündüz sessiyasının hava şəraitindən asılı olacağını qeyd edərək səhər ticarətini ləğv edib.
Güclü yol daşqınları və pis hava şəraiti səbəbindən Honq-Konq Meteoroloji Rəsədxanası əhaliyə müvəqqəti sığınacaq kimi təhlükəsiz yerlərdə qalmağı tövsiyə edib: "Güclü yağış yağmağa davam etdikcə, rəsədxana ilin ilk qara tufan xəbərdarlığını saat 23:05-də verib, bundan sonra yağış daha da güclənib".
Sentyabrın 8-i səhər saat 7:00-a olan məlumata görə, ən yüksək - qara tufan xəbərdarlığı 7 saatdan çox qüvvədə olub və 23 avqust 1999-cu ildə 5 saat 47 dəqiqəlik rekordu üstələyib.
Çinin cənubundakı Quandun əyalətində də rekord miqdarda yağıntı müşahidə olunub. Şençjendə yağıntının intensivliyi bütün meteoroloji müşahidələr dövründə tarixi maksimumları keçib və metronu qismən su basıb. Quançjou Meteoroloji Rəsədxanasının məlumatına görə, metropol bu ilin ən pis fırtınasını yaşayır.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay