Müharibə başlayandan Çin bankları Rusiya kreditorlarına milyardlarla dollar yardım edib
Britaniyanın “Financial Times” (FT) qəzetinin araşdırmasına görə, Ukraynada hərbi əməliyyatların başlamasından sonra Qərb maliyyə qurumları ölkədəki fəaliyyətini dayandırdığı üçün Çin bankları Rusiya kreditorlarına milyardlarla dollar yardım edib.
Valyuta.az xəbər verir ki, 14 ayda - 2022-ci ilin fevralından 2023-cü ilin martına qədər Çinin Rusiya bank sektorunda payı 4 dəfə artıb.
FT təhlilindən belə çıxır ki, Rusiya banklarının əsas kreditorları Çin Sənaye və Kommersiya Bankı, Çin Bankı, Çin İnşaat Bankı və Çin Kənd Təsərrüfatı Bankıdır. Ötən ilin fevralından bu ilin martına qədər onlar Rusiyadakı aktivlərini 2,2 milyard dollardan 9,7 milyard dollara qədər artırıblar. Eyni zamanda, Çin bankları rəsmi şərh verməkdən imtina ediblər.
FT qeyd edir ki, Çin banklarının hərəkətləri Pekinin yuanı dollara alternativ qlobal valyuta kimi təşviq etmək səylərinin bir hissəsidir. 2022-ci ilin sonunda Çin və Rusiya arasında yuanla ticarətin həcmi rekord həddə çatıb - 185 milyard dollar. Rusiya ilə Ukrayna arasında hərbi münaqişə başlamazdan əvvəl ixrac üçün ödənişlərin 60%-dən çoxu avro və dollarla həyata keçirilirdi, yuanın payı 1%-dən az idi.
FT-nin istinad etdiyi Rusiya Bankının məlumatlarından belə çıxır ki, ötən ilin fevral ayından etibarən “dost olmayan” valyutalarda ödənişlərin payı yarıdan az azalıb, yuanın payı isə 16%-ə qədər artıb.
2023-cü ilin iyununda Avropa Mərkəzi Bankı Rusiyada fəaliyyətini davam etdirən Avrozona ölkələrinin banklarını tez bir zamanda Rusiya bazarını tərk etməyə çağırıb. Rusiyada qalan bir neçə Qərb bankından biri olan Raiffeisenbank (Avstriyua) fəaliyyətini davam etdirir, lakin 2023-cü ilin mart ayından etibarən iştirakını azaldıb və Rusiya biznesindən çıxmaq üçün potensial variantları nəzərdən keçirir. Ümumilikdə, 2022-ci ilin fevralından 2023-cü ilin martına qədər, əcnəbilərə məxsus Rusiya bank aktivlərinin payı 6,2%-dən 4,9%-ə qədər azalıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay