Rusiya və Türkiyədən pul köçürmələri niyə azalıb? - Araşdırma
Azərbaycana daxil olan vəsaitlərin həcmində azalma müşahidə olunur. Mərkəzi Bankın məlumatına görə, ötən ilin yanvar-iyun aylarına nisbətən sürətli pul köçürmə sistemləri vasitəsi ilə banklara daxil olan vəsaitin həcmi 31.3 faiz və ya 406.8 milyon manat, banklardan xaricə köçürmələr isə 19 faiz və ya 61 milyon manat azalıb.
Görəsən, ölkəyə xaricdən pul köçürmələrinin 31 faizdən çox azalmasının səbəbləri nədir?
Ekspertlər hesab edirlər ki, Rusiyadakı iqtisadi böhran ölkəmizə pul köçürmələrinin azalmasının başlıca səbəbidir. Nə qədər ki Rusiya-Ukrayna müharibəsi davam edir, Moskva sanksiyalara məruz qalır və rus rublu ucuzlaşır, sözügedən ölkədən Azərbaycana pul axını azalacaq.
Mövzuya münasibət bildirən Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov Bakupost.az -a deyib ki, Azərbaycana köçürülən pul vəsaitlərinin strukturunda Rusiyanın çox böyük payı var. Hazırda Rusiya iqtisadiyyatında kifayət qədər mürəkkəb məzmunlu proseslər gedir. Rusiya rublunun sabitliyi ilə bağlı problemlər var. Eyni zamanda Rusiya iqtisadiyyatında sürətlə transformasiya gedir. Yəni sanksiyalar, Qərblə münasibətlərinin kəskin şəkildə pisləşməsi nəticəsində sözügedən ölkənin iqtisadiyyatında daxili və xarici iqtisadi nöqteyi-nəzərdən ciddi dəyişikliklər baş verir. Bu proseslər tamamlandıqdan sonra Azərbaycana Rusiyadan daxil olan vəsaitlərin həcmində artım olacaq:
“Bu, müvəqqəti haldır. Sadalanan proseslər başa çatandan sonra Rusiya iqtisadiyyatında güclənmə olacaq. Bu da Rusiyanın qonşu ölkələrlə qurduğu iqtisadi əlaqələrdə, o cümlədən xarici ticarətdə canlanmaya səbəb olacaq. Çünki Qərbdən Şərqə doğru istiqamətlənmə və son nəticədə qonşu ölkələrlə iqtisadi əməkdaşlığın dərinləşməsi hazırda Rusiya iqtisadi siyasətinin əsasını təşkil edir”.
İqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycana xaricdən ən çox vəsait Rusiya və Türkiyədən daxil olur. Çünki hər iki ölkədə yüz minlərlə soydaşımız yaşıyır. Onlar qazandıqları vəsaitin bir hissəsini ailələrinə sürətli pul köçürmələr vasitəsilə göndərirlər. İndi Rusiyadan pul köçürmələri azalıb. Çünki onlarda da iqtisadi vəziyyət gərginləşib. Son aylarda rublun kəskin şəkildə dəyərdən düşməsi müşahidə olunur:
“Rubulla qazanan Azərbaycan vətəndaşları qazandıqlarını valyutaya çevirib Azərbaycana göndərərkən daha az pul köçürməyə məcbur olurlar. Türkiyədə də lirənin kəskin şəkildə dəyərdən düşməsi lirə ilə qazanan vətəndaşlarımızın ölkəyə daha az vəsait göndərməsinə səbəb olub”.
İqtisadçı-ekspert Pərviz Heydərovun dediyinə görə, Rusiyadan Azərbaycana köçürülən vəsaitin həcminin azalacağı məlum idi:
"Proses uzun müddət davam edəcək. Bunun ölkə iqtisadiyyatına təsiri, əlbəttə, var və olacaq. Bu məsələ ölkə iqtisadiyyatının inkişafı, daxili ticarətin böyüyüb genişlənməsi və ölkə əhalisinin yaşayış səviyyəsi üçün bir sıra mənfi nəticələr doğura bilər".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay