Toy biznesi xilas ola biləcəkmi?
Ramazan ayı başa çatır. Bu ayın başa çatması ilə həm də yeni toy mövsümü başlayır. Amma sirr deyil ki, pandemiyadan sonra toy biznesi ciddi böhrandadır. Müşahidələr göstərir ki, xeyli şadlıq sarayları mərasim evlərinə çevrilib, başqa sahələr üzrə icarəyə verilib.
Azərbaycanda toy məclislərinin sayının kəskin şəkildə azaldığını rəsmi statistika da təsdiqləyir. Təkcə son üç ilin statistikasına nəzər salsaq görərik ki, nikaha daxil olanların sayında əhəmiyyətli şəkildə azalma var. Məsələn, ölkədə 2024-cü ilin ilk ayında 3 657 nikah qeydə alınıb. 2023-cü ildə müvafiq olaraq 11 870 nikah bağlanılıb. 2022-ci ilin yanvar-mart aylarında isə 14 606 nikah rəsmiləşdirilib.
Bəs görəsən, toy sənayesi böhrandan çıxa biləcək? Bunun üçün sahibkarlar hansı addım ata bilərlər? Bu sektora dövlətin hansı dəstəyi ola bilər?
Xərc yükü yaradan toy ənənəsi
İqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə, toy biznesinin böhranda olmasının əsas səbəbi son dövrlərdə nikahların sayının azalmasıdır: “Eyni zamanda, biz xüsusilə pandemiyadan sonrakı dövrdə gənclərin daha rasional toy məclislərinin təşkilinə üstünlük verdiyini müşahidə edirik. Belə ki, onlar nisbətən daha az dəbdəbəli, əsasən yaxın ətrafları ilə toy etməyə üstünlük verirlər. Nəticə etibarilə, daha çox 2005-ci ildən sonra formalaşan və dəbdəbənin artması ilə müşahidə olunan, artıq xərc yükü yaradan toy ənənəsi mərhələli şəkildə zəifləyəcək”.
“İnvestorlar daha effektiv sahələrə yatırım etməlidirlər”
Ekspert hesab edir ki, bu sahədə fəaliyyət göstərən sabibkarlar öz investisiyalarını alternativ istiqamətlərə yönəltməlidirlər: “Sahibkarlar bu sahədə dəbdəbəni artırmaq istiqamətində investisiyalardan çəkinməlidirlər. Daha optimal sayda tutumu olan sarayların qurulmasına meyllənməlidirlər. Eyni zamanda, infrastrukturu elə dizayn etməlidirlər ki, bu təyinat fərqli istiqamətlərdə də istifadə oluna bilsin. Tutaq ki, həmin obyektlərdən yalnız toy məclisləri üçün deyil, adi günlərdə, kütləvi tədbirlərin, konsertlərin təşkili və sair kimi də istifadə etmək mümkün olsun”.
Mütəxəssis dövlətin bu sahəyə dəstəyini vacib saymır. O hesab edir ki, dövlətin dəstək verməli olduğu kifayət qədər sahələr mövcuddur: “Düzdür, bura da xidmət sektorudur, müəyyən bir dövriyyə yaradır. Amma dövlətin dəstək verməli olduğu kifayət qədər sahələr vardır. Hesab edirəm ki, dövlət daha ağlabatan, ciddi sərmayələri dəstəkləməlidir”.
Menyuların tərtibatına yenidən baxmalıdırlar
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev hesab edir ki, şadlıq sarayları menyuların tərtibatına yenidən baxmalıdırlar. Onun fikrincə, toy sənəyesində mövcud olan iqtisadi çətinliklər menyuların qiymətinin baha olması ilə bağlıdır: “Menyulardan lüzumsuz əlavələr çıxarılmalıdır. Şadlıq sarayları toy sahiblərinə meynu seçimi ilə bağlı şərt qoymamalıdırlar. Atəşfəşanlıq, toya dəvət olunan musiqiçilərlə bağlı da qiymətlərə yenidən baxılmalıdır. Çünki bunlar da çox xərc tələb edən istiqamətlərdir”.
R.Atakişiyevin qənaətincə, bu sahəyə dövlət tərəfindən dəstək verilməsi gözlənilmir: “Çünki bu sektor dövlət üçün strateji sahə sayılmır”.
“Kim deyir ki, bu sahədə böhrandır?”
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev isə toy sənayesinin böhranda olması fikri ilə razılaşmır. Onun sözlərinə görə, bu gün də şadlıq saraylarında toy etmək üçün aylar öncədən növbəyə yazılmaq lazımdır:
“Kim deyir ki, bu sahədə böhrandır? Təxminən 1-2 ay əvvəl yaxın bir qohumum toyla bağlı şadlıq sarayı axtarırdı. Onlara bildirmişdilər ki, ən yaxşı halda toy tarixini oktyabr, noyabr və dekabr ayına yaza bilərlər. Belə olan halda hansı böhrandan söhbət gedir? Heç bir böhran yoxdur, hamı da işləyir. Sadəcə, məni həm vətəndaş, həm də millət vəkili olaraq toyların dəbdəbəli keçirilməsi narahat edir. Biz bu məsələni bir qədər sadələşdirməliyik. Toy gənclər üçündür, sadə bir ortamda olmalıdır. Amma mən toy xərclərini eşidəndə dəhşətə gəlirəm. Menyular adambaşı təxminən 100 manatdan başlayıb, 500-700 manata kimi dəyişir. Axı bu qədər israfçılıq olmaz”.
Bir vaxtlar ayda 20-25 toy, indi isə...
Əvvəllər toy mövsümünü səbirsizliklə gözləyən və yeni mövsümə ciddi şəkildə hazırlıq görən şadlıq saraylarında durğunluqdur. Onlar da bu durğunluğun səbəbinin axtarışındadırlar. Həmsöhbət olduğumuz bəzi şadlıq saraylarının adminstratorları bildirirlər ki, vəziyyət son iki ildə daha pisləşib. Onların sözlərinə görə, bir vaxtlar ayda 20-25 toy şənliyi təşkil edirdilərsə, indi 4-5 toy tutanda sevinirlər.
“Mega Palace” şadlıq sarayından bildiriblər ki, tələbat əvvəlki illərlə müqayisədə xeyli azalıb: “Əvvəlki dövrlərlə müqayisədə toy edənlərin sayında ciddi fərq var. Tələbat çox azalıb. Səbəbini özümüz də bilmirik”.
“Su Səsi” şadlıq sarayının administratoru da toyların azlığından gileylənib. Onun sözlərinə görə, toyların sayında təxminən 50 faiz azalma var: “Qiymətlərimiz də baha deyil. Sadəcə, elə bil ki, toy etmək istəyən yoxdur. Son iki ildə vəziyyət daha da pisləşib”.
“Neolit Hall”dan da təsdiqləyiblər ki, ötən illərlə müqayisədə toy etmək istəyənlərin sayı ciddi şəkildə azalıb: “Əvvəllər mövsüm başlayanda bir ayda 12-14 toyumuz olurdu. Amma bu ilin aprel ayına 5-6 toyumuz var. İndi toy edənlər həm də daha yığcam məclislərə üstünlük verirlər. Demək olar ki, artıq 500-600 nəfərlik toy edən yoxdur. İndi müraciətlər 150, maksimum 350 nəfərlik məclislərin təşkili ilə bağlıdır”.
© Kaspi qəzeti
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay