İş müsahibələrində maaş gözləntimizi deyəkmi?
İş müsahibələrində əmək haqqı gözləntisinin deyilib-deyilməməsi dilemması var. Kimi deyir, əmək haqqı gözləntisinin deyilməsi etik deyil və bunu dilə gətirmək sizi xoşagəlməz göstərə bilər. Kimisi də deyir ki, öncədən maaşı danışmaq lazımdır ki, sonradan problemlər yaşanmasın. Bəs hansı variant daha doğrudur ?
İnsan resursları üzrə menecer Aytən Şıxaliyeva Valyuta.az-a bildirdi ki, əmək haqqı çox həssas mövzu olduğundan müsahibələrdə balansı qoruya bilmək önəmlidir: “Namizəd əmək haqqı gözləntisi barədə fikir bildirməsə, bir neçə mərhələdən keçdikdən sonra təklif olunan maaşla razılaşmadıqda bu, hər iki tərəf üçün ən azı vaxt itkisi ilə nəticələnir və iş axtarışı prosesləri yenidən başlayır. Maaş gözləntisi sualına cavab olaraq namizədin dəqiq məbləğ söyləməsində də riskli məqamlar ola bilir. Bunun üçün namizədin müsahibəyə getmədən öncə bir az araşdırıb ortalama məbləğ müəyyənləşdirməsi tövsiyə olunur. Vəzifə üzrə əmək bazarını araşdıra, öz xərclərini hesablaya, həmçinin varsa sonuncu əmək haqqısını düşünərək və bilik-bacarıqlarını da nəzərə alaraq minimum rəqəm formalaşdıra bilər”.
A.Şıxaliyeva deyir ki, nəzərdə tutduğunuz əmək haqqını deyərkən də ehtiyatlı olmalısınız: “Vəzifə üzrə nəzərdə tutulandan aşağı məbləğ söyləyərsə, gələcəkdə işə heç də məmnun olmadığı az əmək haqqı ilə başlaya bilər, yüksək söyləyərsə isə vəzifəni itirmək riskini ala bilir. Namizəd əvvəlki iş yerindən aldığı əmək haqqı ilə bağlı yalan məlumat vermək və ya şişirdilmiş məbləğ deməkdən çəkinməlidir”.
Aytən xanım deyir ki, maaş barədə təxmini də olsa, gözləntinizi bildirmək önəmlidir: “Müsahibədə namizədin “maaş haqda heç düşünməmişəm” cavabı çox professional səslənmir. Bunun əvəzinə öncədən düşündüyü minimal əmək haqqı gözləntisini də nəzərə alaraq, minimum və maksimum hədd kimi maaş intervalını açıqlaması daha uyğundur. Gözləntini söyləmədən öncə iş barədə məlumat almağı və iş yükünü nəzərə almağı unutmamalıdırlar”.
A.Şıxaliyeva iş həyatına yeni başlayanlar üçün də məsləhətlər verdi: “Yeni məzun olub karyeraya başlamaq istəyənlər, mövcud işlərindən məmnun olmayan və karyera dəyişikliyinə fokuslanan namizədlər, böyük maddi öhdəlikləri yoxdursa, bir məbləği qeyd etmək əvəzinə şirkətin maaş təklifinə uyğunlaşa biləcəyini bildirə bilərlər”.
Nuray
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay