İşdəki stresdən xilas ola bilərik?
“İş həyatında hər bir işçinin yaşadığı stres özü ilə bərabər müxtəlif xoşagəlməz nəticələri gətirə bilir”.
Bunu İnsan Resursları mütəxəssisi Vasif Ağayev Valyuta.az-a deyib.
Əksəriyyət iş mühitini stresli təsəvvür edir. Sanki gərgin, stresiz iş mühiti ola bilməz. Amma iş mühitindəki stresin nəticələri heç də xoşagələn olmur. Vasif Ağayev stresli iş mühitinin nəticələrindən danışdı: “Bura sağlamlıq problemləri, performansın aşağı düşməsi, ruh düşkünlüyü, işi davam etdirməmək istəyi, kollektiv həmrəyliyin azalması, ətrafa qarşı dözümsüzlük və s. halları da əlavə etmək olar. Həmçinin yuxusuzluq, yorğunluq, narahat olmaq kimi fiziki simptomlara səbəb olur. Eləcə də, aydın düşünmək, təfərrüatlara diqqət yetirmək, düzgün qərarlar qəbul etmək qabiliyyətini zəiflədə bilir. Bərabər olaraq emosiyalara təsir edə bilir, hətta kədər, ümidsizlik, günahkarlıq, dəyərsizlik və laqeydlik kimi hisslərə belə səbəb ola bilər”. Bəs iş mühitində stres yaradan amillər nələrdir? Mütəxəssis deyir ki, müxtəlif amillər iş mühitində stress yarada bilir: “İş mühitində stres yaradan hallara nəzər salsaq, bura iş yerində mobbing, pis idarə etmə, karyera planlamasındakı səhv addımlar, düzgün tənzimlənməyən iş yükü, şəxslər arası rəftar və davranış, iş vaxtından artıq çalışmaq (işçinin razılığı olmadan) kimi halları aid etmək olar”.
Həmsöhbətimiz, stres yaradan amillərin həmişə idarəetmədəki problemlərdən yox, həm də işçinin özündən asılı olduğunu bildirdi: “Stres yaradan amilləri aradan qaldırmaq məhz öz əlimizdədir. İş vaxtının düzgün idarə edilməməsi, əmək funksiyasından irəli gələn işləri planlı formada icra etməmək, əmək funksiyasının icrası zamanı yaranan çətinliklərin səbəbini müəyyən etməmək və aradan qaldırmamaq, özünü sübut etmək hissi ilə işləmək, sağlam ünsiyyətdən və rəqabətdən uzaq olmaq, sağlam qidalanmağa riayət etməmək və aktiv həyat tərzində olmamaq kimi səbəbləri aradan qaldırmaqla da bu faktoru aradan yox edə bilərik”.
Nuray
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay