Məşhur futbol ulduzlarının aldığı klublar - Biznes, yoxsa həvəs...
Kriştiano Ronaldo bir futbol komandasının sahibi olmaq arzusundadır. Yığdığı sərvətlə (hazırda Ərəbistan torpaqlarında sərvət toplamağa davam edir) arzusunu gerçəkləşdirmək üçün o bu resurslara malikdir. Baş verərsə, portuqaliyalı superulduz bir çox keçmiş ulduzların arxasınca düşəcək. Bəs vaxtilə yaşıl meydanlarda xarüqələr yaradan ulduzların hansı biznesləri, klubları var?
Valyuta.az vaxtilə sevə-sevə izlədiyimiz bəzi ulduzların hansı biznesləri olduğunu araşdırıb.
Sesk Fabreqasın Komo gölünün sahilindəki klubu
Onu “Barselona”nın yarımmüdafiəsində və İspaniya millisindəki oyunlarını kim xatırlamır? Keçən ildən bəri Sesk Fabreqas İtaliya B Seriyasını cari mövsüm 13-cü pillədə başa vuran “Komo”nun sahiblərindən biridir. Klub bazası mənzərəli Komo gölünün sahilində yerləşir və 20 il əvvəl ən güclü komandalarla rəqabət apardığı vaxtlarından uzaqdır. "Komo"ya gələndə Fabreqas nəinki sahiblərindən biri, həm də komandanın oyunçusu idi. O, açıqlamasında, "Bura eyni ambisiya ilə gəlirəm: oynamaq, qazanmaq və "Komo"nu A Seriyasına aparmaq istəyirəm" - sözlərini deyib. Komandanın baş direktoru "Çelsi"nin keçmiş futbolçusu Dennis Vaysdır.
Marselo "Mafra"nı alır
"Real"ın keçmiş sol cinah müdafiəçisi Marselo Portuqaliya təmsilçisi "Mafra"nı almaq istəyir. Braziliya millisinin sabiq üzvünün DOZE şirkəti vasitəsilə Portuqaliyanın ikinci liqasında çıxış edən "Mafra" "Sociedade Desportiva Unipessoal por Quotas" (SDUQ) strukturuna qoşuldu. Komanda mövsümü 6-cı yerdə başa vurdu və Marselo məqsədinin braziliyalı futbolçuları Avropaya çıxarmaq olduğunu bildirir. O, açıqlamasında "idmançılarımız üçün Avropada vitrin kimi çalışan "Mafra" var. Biz yeni başlayırıq” - sözlərini söyləyib.
Zlatan İbrahimoviçin heyran olduğu İsveç komandası
Bir neçə gün öncə "Milan"da karyerasını bitirdiyini açıqlayan İbrahimoviçin futboldakı gələcəyi təmin olunub. Keçmiş isveçli hücumçu ölkəsinin 2022-ci ilin son mövsümünü üçüncü yerdə başa vuran “Hammarbi”nin sahiblərindən biridir. Zlatan ABŞ-ın MLS Liqasında çıxış edən “LA Galaxy”nin əsas investoru olan "Anschultz Entertainment Group"un (AEG) pay sahiblərindən biridir. 2019-cu ildə İsveç komandasını alan kimi İbrahimoviç "ehtiraslı azarkeşlərə malik böyük klub" olan "Hammarbi"nin hekayəsini xatırladı: “Mən həmişə "Hammarbi"yə və onun tərəfdarlarına, həmçinin son illərdə meydanda və meydandan kənarda göstərdiyi performansdan heyran olmuşam. İsveçin ən maraqlı və nüfuzlu klublarından birini dəstəkləyərkən AEG ilə münasibətimi davam etdirmək fürsətindən həyəcanlıyam”.
Messinin seçdiyi "İnter Mayami" və... Devid Bekhem
Messi, "Adidas" və "Apple"nin də sponsorluq etdiyi "İnter Mayami" ilə yeni müqavilə imzalayan ABŞ Böyük Futbol Liqasının yeni ulduzudur. Amerika komandasının sahibləri arasında, “Mançester Yunayted”, “Real" və İngiltərə millisinin keçmiş ulduzu Devid Bekhem də var. Mayami klubu 600 milyon ABŞ dolları dəyərində qiymətləndirilir və onun səhmdarları Bekhemdən başqa, müxtəlif iqtisadi maraqları olan iki amerikalı milyarder Xorxe və Xose Mas qardaşlarıdır.
Ronaldo Luis Nazario - "Valyadolid" və "Kruzeyro"
O, 1990-cı illərin sonu və 2000-ci illərdə Avropa qazonlarında parladı. 2011-ci ildə karyerasını bitirsə də, dünya futbolunun böyük adlarından biri olaraq qalır. Ronaldo və ya "Fenomen" kimi tanınan Ronaldo Luis Nazario de Lima hələ də idmanın "şahı" ilə sıx bağlıdır, lakin hazırda futbol geyimi deyil, kostyum və qalstukdan istifadə edir. Onun iki komandası var. 2018-ci ildə İspaniya təmsilçisi "Valyadolid"in 51%-ni satın aldı ki, bu da 30 milyon avro (32 milyon dollar) investisiya deməkdir. Onlar ötən mövsüm La Liqaya yüksəlsə də sonradan ikinci liqaya düşüblər. Ronaldo "Valyadolid"lə də kifayətlənməyib. Bu yaxınlarda ciddi böhran keçirən Braziliya təmsilçisi "Kruzeiro"nun da sahibi olub. Hansı ki, "Yekədiş" futbolçu karyerasının ilk illərində məhz bu klubda çıxış edib və onun parlamasında böyük rolu olub. Keçmiş hücumçu idman şirkətinin 90%-ni təxminən 60 milyon avroya (64 milyon dollar) alıb.
Evra və "Estrela da Amadora"
Portuqaliya futbolunun tarixi komandalarından biri "Estrela da Amadora" keçmiş fransız sol cinah müdafiəçisi Patris Evraya məxsusdur. Futbolçu, Portuqaliyanın birinci liqasına yenicə yüksələn klubun 90%-nə sahib olan MYFC fondunun investorudur. Komandanın sahibi olan şirkəti alarkən Evra bu sözləri demişdi: “Mənə küçələrdə sağ qalmağımı söylədilər, tabe oldum. Mənə dedilər travmadan sağ çıxım, tabe oldum. Mənə dedilər ki, məşqçilik lisenziyası al, tabe oldum. Mənə dedilər 21-dən çox kubok qazan, qazandım. Amma məndən heç vaxt futbol klubu yaratmaq istənilməyib. Hər halda, bunu da etdim”.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay