Avtomobillərin icbari sığorta problemi: Niyə, imtina edilir? (ARAŞDIRMA)
Bir müddətdir ki, kiçik mühərrikli avtomobillərin icbari sığortası (NVSMMİS) problemə çevrilib.
“APA-Economics”in sığorta bazarında apardığı müşahidələrə görə, əksər sığorta şirkətləri qeyri-rəsmi olaraq sözügedən avtomobillərin icbari sığortasından imtina edirlər. Sığorta agentlərinə tapşırılıb ki, mühərrik həcmi iki min kub santimetrə (2.0 mator) qədər olan avtomobillərə icbari sığorta polisi yazılmasın. Hətta şirkətlər əməkdaşlıq etdikləri sığorta agentləri ilə yenilədikləri müqavilələrdə belə bu bəndi əlavə ediblər. Bu tələbə əməl etməyən agentlər isə sığorta şirkətləri tərəfindən cərimə edilirlər (Onlar üçün təyin edilən komissiyadan çıxılmaqla).
2.0 l. mühərriyə qədər avtomobillərin icbari sığortasından imtina edilir
Sığorta agenti Şahin İsmayılov deyib ki, imtina halları daha çox Bakı, Abşeron və Sumqayıt şəhərlərində qeydiyyatda olan kiçik mühərrikli avtomobilləri əhatə edir. Bu avtomobillərin icbari sığortası üzrə agentlərə komissiya da verilmir. Nəticədə, sığorta agenti kiçik mühərrikli avtomobilləri sığortalamaqda maraqlı olmur. Digər tərəfdən, əksər sığorta şirkətləri onlayn qaydada bu avtomobillərin icbari sığortasını bloklayırlar.
Qəzaların 90%-i taksilərlə bağlıdır
Səbəb isə paytaxtda baş verən qəzaların 90%-nin taksi fəaliyyətinə yönəldilən “Toyota Prius”, “Opel Astra”, “Kia Rio” və digər kiçik mühərrikli nəqliyyat vasitələri ilə bağlı olması və şirkətlərin onları zərərli hesab etməsidir.
"45 manat sığorta haqqına görə şirkət 9500 manat ödəniş verməli olub"
Sığorta agenti deyib ki, son dövrə qədər onun da sığorta portfeli ziyansız olub, amma hazırda vəziyyət dəyişib: “Sığorta şirkətindən bildirdilər ki, mənim sığortaladığım “KİA Rio” ilə son bir ayda iki dəfə qəza törədilib. 45 manatlıq sığorta haqqı müqabilində 9500 manatlıq sığorta ödənişi edilib. Bu da təbii ki, sığorta şirkətinə sərfəli deyil”.
“Şirkətlər artan zərərə görə avtomobilləri sığortalamaq istəmirlər”
Ümumilikdə isə Ş.İsmayılov hesab edir ki, son 10 ildə avtomobillərin icbari sığortası üzrə tariflər dəyişməsə də, avtomobil qəzalarının sayı 4 dəfə, təmir qiyməti isə 3 dəfə artıb: “Əvvəl 50 manata sığorta edilən avtomobilin sığorta haqqı Bonus-Malus endirimi ilə indi 25 manata enib. Sığorta şirkətləri də artan risklər və təmir xərcləri qarşılığında bu avtomobilləri sığortalamaq istəmir”.
“İmtina halları icbari sığorta ilə bağlı cərimə olunanları artıra bilər”
Onun sözlərinə görə, tətbiq edilən qeyri-rəsmi qadağa icbari sığorta ilə bağlı cərimə edilənlərin də sayını artıra bilər: “Əvvəl avtomobilin icbari sığortası müqaviləsinin bitməsinə az qalmış, avtomobil sahibinə zəng vurub ona sığortanı yeniləməyi təklif edən sığorta operatorları var idi. Tətbiq edilən qadağa artıq həmin sığorta operatorları üçün də avtomobilin icbarı sığortasını maraqsız edib. Hər zaman sığortanı yeniləməklə bağlı zəng alan sürücü növbəti dəfə zəng almaya bilər və sığorta müddəti bitdiyi üçün cərimə ilə üzləşə bilər. Artıq bir neçə belə faktla rastlamışam”.
İlkin İbrahimov: “İcbari sığortadan imtina edən şirkətlərin NVSMMİS üzrə lisenziyası ləğv edilməlidir”
Sığorta eksperti İlkin İbrahimov da deyib ki, sığorta şirkətləri hazırda qeyri-rəsmi olaraq avtobus və kiçik mühərrikli avtomobillərin sığortasından imtina edir. Bunu həmin nəqliyyat vasitələrinin daha çox qəza riski ilə üzləşməsi ilə əlaqələndirirlər. Amma bütün kiçik mühərrikli avtomobil sahibləri taksi fəaliyyətinə cəlb edilmir. Bununla belə, hər iki halda tətbiq edilən qadağa qanunsuzdur və tənzimləyici qurum Mərkəzi Bank tərəfindən bu addımı atan sığorta şirkətlərinə qarşı sanksiya tətbiq edilməlidir: “İcbari sığortalar haqqında” qanunun 23.3-cü maddəsinə əsasən sığorta şirkəti heç bir halda icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz. Əks halda, maliyyə bazarlarına nəzarət orqanı (Azərbaycan Mərkəzi Bankı) sığorta şirkətini cəzalandırmalıdır. Əvvəlcə, sığorta şirkətinə bununla bağlı xəbərdarlıq edilməli, növbəti dəfə lisenziyası ləğv edilməlidir. Bundan əlavə, sığorta şirkətinin vəzifəli və məsul şəxsləri də cərimə edilə bilər. Amma təəssüf ki, məsələ ilə bağlı indiyə kimi xəbərdarlıq edilən və ya cəzalandırılan sığorta şirkəti ilə rastlaşmamışıq”.
“Avtomobilini sığorta edə bilməyənlər şirkətlərin baş ofislərinə müraciət etməlidir”
İ.İbrahimov əlavə edib ki, sığorta agentindən imtina alan və ya onlayn qaydada icbari sığorta polisi əldə edə bilməyən avtomobil sahibləri bunun üçün şirkətlərin baş ofislərinə müraciət edə bilərlər. Sığorta şirkəti bu halda mövcud qanuna riayət etməyə məcbur olacaq və avtomobili sığorta edəcək.
V.Bayramov: “Sığorta şirkətlərinin fəaliyyətinə nəzarət gücləndirilməlidir”
Millət vəkili Vüqar Bayramov da bildirib ki, mövcud problemin aradan qaldırılması üçün bütövlükdə avtomobillərin icbari sığortası mexanizminin təkmilləşdirilməsinə ehtiyac var.
Millət vəkili hesab edir ki, NVSMMİS üzrə tariflər optimaldır və tariflər artırılmadan sığorta şirkətlərinin bu sığorta növünə marağın artırılmasına ehtiyac var. Digər tərəfdən, sığorta şirkətlərinin fəaliyyətinə nəzarət gücləndirilməlidir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay