Azərbaycan bankları ipoteka krediti vermək üçün niyə müştəri tapmır?
İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil bankları Fondun bu il yanvarın 24-də onlara ayırdığı kredit limitini realizə etməkdə çətinlik çəkirlər.
"Report" bu qənaətə apardığı müşahidələr nəticəsində gəlib.
İllik faiz dərəcəsi 7%-ə endirilib
Məsələn, adətən ipoteka kreditlərinin illik faiz dərəcəsində güzəştə getməyən, kreditləri illik 8%-lə verməyə çalışan bankların çoxu hazırda illik 7%-lə kredit təklif edir. Bundan başqa, Elektron Hökumət Portalında (e-gov.az) demək olar ki, bütün banklar üzrə ipoteka kreditləşməsinin açıq olduğu görünür. Doğrudur, söhbət yalnız adi ipoteka kreditlərindən gedir (güzəştli ipoteka kreditləri üzrə bütün banklarda limit yoxdur), amma hər halda kredit götürmək üçün vətəndaşların banklar arasında seçim etmək imkanları genişdir.
Dövlət xətti ilə ipoteka kreditləşməsi həyata keçirən banklarda bu məhsula tələbatın az olduğunu etiraf edirlər. Kredit mütəxəssisləri deyir ki, son vaxtlar ölkədə daşınmaz əmlak qiymətləri kəskin artıb, odur ki, ipoteka krediti ilə mənzil almaq istəyənlərin sayı məhduddur.
"İpoteka kreditləri daha çox yeni və bahalı mənzillərə verilir"
Daşınmaz əmlak bazarı üzrə ekspertlər də mənzil bazarında bahalaşmanın olduğunu bildirirlər. Onlardan biri Elnur Fərzəliyev deyir ki, son vaxtlar xüsusilə yeni tikilmiş binalardakı (göydələn) mənzillərin qiyməti xeyli artıb. Banklar isə ipoteka kreditlərini daha çox yeni mənzillərə verməyə çalışırlar.
"Bakının ətrafında, mikrorayonlarda tikilmiş hündürmərtəbəli binalarda belə mənzillərin qiyməti azı 100-150 min manatdır. Dövlətin müəyyən etdiyi limit isə adi ipoteka kreditləri üçün 150 min manat, güzəştli ipoteka kreditləri üçün isə 100 min manatdır. Odur ki, evi kreditlə almaq istəyənlər problemlə üzləşir. Bankdan 100 min manat kredit götürə bilən vətəndaş yeni binalardan 1 otaqlı mənzil ala bilər. SSRİ dövründə tikilmiş və ipotekaya yarayan evlər 9-10 mərtəbəli binalardır ki, onlarda normal qiymətə 2-3 otaqlı ev tapmaq olur. Onları da kreditləşdirməyə bankların marağı azdır", - deyə o, qeyd edib.
"İpoteka şərtlərinə uyğun gələn müştəri azdır"
Bundan başqa, ekspertin sözlərinə görə, Azərbaycanda ipoteka krediti götürmək üçün müəyyən edilmiş şərtlərə uyğun müştəri də az qalıb. Odur ki, banklar kredit verməyə adam tapmır.
"İpoteka ilə ev ala bilənlərin əksəriyyəti bu vaxta qədər alıb. Yerdə qalanların çoxunun əmək haqqı şərtlərə uyğun gəlmir. O qədər sahə var ki, orda maaşlar aşağı olduğu üçün insanlar ipoteka krediti əldə edə bilmir. Digər tərəfdən, əksər insanların başqa banklarda kredit borcu var. Adi məişət texnikasına görə belə vətəndaşın kredit borcu yaranıbsa, ona ipoteka krediti vermirlər", - deyə o, qeyd edib.
"Ailə quranların sayı azalıb"
"Azərbaycanda ipoteka kreditlərinə tələbatın az olmasının digər səbəbi isə koronavirus (COVID-19) pandemiyasının yaratdığı vəziyyətdir. İndi ailə quranların sayı əvvəlki vaxtlarla müqayisədə azdır. İpoteka ilə ev alanların əhəmiyyətli hissəsi isə ailə qurmağa hazırlaşanlar və yaxud yenicə ailə qurmuş şəxslər çox olur. Yəni, bu amil də ipoteka kreditlərinə tələbatı azaldıb".
Xatırladaq ki, 2021-ci ildə Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 2020-ci illə müqayisədə 38,4% artaraq 356,3 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankı yanvar ayının göstəricilərini hələ açıqlamasa da, ötən ilin eyni dövrü ilə müqayisədə azalma qeydə alınacağı istisna deyil.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay