Səudiyyə Ərəbistanı azərbaycanlı sahibkarlara kredit xətti açıb
Səudiyyə Ərəbistanı ilə ticarət əməliyyatları aparan yerli sahibkarlara, o cümlədən kiçik və orta biznes subyektlərinə dəstək məqsədilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü və dəstəyi ilə Səudiyyə İnkişaf Fondu tərəfindən maliyyə xətti açılıb.
KOBİA-dan Valyuta.az-a verilən xəbərə görə, bu məqsədlə martın 17-də Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyrin iştirakı ilə Səudiyyə İnkişaf Fondunun İxrac Proqramı və “Kapital Bank” ASC arasında razılaşma sənədi imzalanıb.
Sənədi Səudiyyə İxrac Proqramının baş direktoru Abdulmohsen Al-Khayal və “Kapital Bank” ASC-nin İdarə Heyətinin sədri Rövşən Allahverdiyev imzalayıblar.
Təşkil olunmuş görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadi-ticarət, biznes əməkdaşlığı, xüsusilə də KOB sahəsində əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu qeyd edib, Agentliyin təşəbbüsü və dəstəyi ilə reallaşdırılan yeni proqramın Səudiyyə Ərəbistanı ilə ticarət əməliyyatları aparan yerli KOB-lar üçün əhəmiyyətli olacağını vurğulayıb.
Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyr ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi zərurətini qeyd edib, yeni əməkdaşlıq proqramının ölkələrimiz arasında ticarət və KOB sahəsində əlaqələrin genişləndirilməsi üçün faydalı olacağını bildirib.
“Kapital Bank” ASC-nin İdarə Heyətinin sədri Rövşən Allahverdiyev bankın kiçik və orta sahibkarlığın inkişafına dəstək verərək, müxtəlif tarif paketləri təqdim etdiyini, yeni proqramın da biznesin inkişafına töhfə verəcəyini vurğulayıb.
Səudiyyə İnkişaf Fondunun İxrac Proqramının baş direktoru Abdulmohsen Al-Khayal proqram çərçivəsində açılmış maliyyə xəttinin Səudiyyə Ərəbistanı mənşəli mallar və xidmətlər idxal edən Azərbaycan sahibkarlarına, xüsusilə də kiçik və orta biznes subyektlərinə ticarət əməliyyatları zamanı dəstək olacağını vurğulayıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay