BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
8362

Martın 1-dən Azərbaycan ilə Türkiyə arasında Preferensial Ticarət Sazişi qüvvəyə minib. 15 mal qrupunu əhatə edən sazişin ümumi müddəaları və qarşılıqlı əlaqələrin gələcək inkişaf perspektivləri barədə “vergiler.az”ın suallarını Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral cavablandırıb.

- Erkan bəy, Türkiyə ilə Azərbaycan arasında iqtisadi münasibətlərin hazırkı səviyyəsini qısaca necə səciyyələndirmək olar və Preferensial Ticarət Sazişinin ölkələrimiz üçün başlıca əhəmiyyəti nədir?

- Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin önəmli sahələrindən biri də iqtisadiyyatdır. Bu günə qədər iki ölkə arasında çox sıx qarşılıqlı ticarət əlaqələri qurulub. Qarşılıqlı yatırımlar məsələsində çox ciddi irəliləyişlər əldə edilib. Bu səbəblə iqtisadiyyat bizim siyasi münasibətlərimizi dəstəkləyən qarşılıqlı əlaqələrimizin önəmli parçasıdır. Bildiyimiz kimi, iki həftə əvvəl Ankarada Türkiyə-Azərbaycan birgə iqtisadi komissiyasının toplantısı keçirildi. Burada iqtisadi əlaqələrimizin istiqamətləri sahəsində müxtəlif qərarlar verildi, 11 saziş imzalandı. Bununla iqtisadi münasibətlərdə mühüm bir mərhələyə çatmağa nail olduq.

Martın 1-dən qüvvəyə minmiş Preferensial Ticarət Sazişi bir tərəfdən iki ölkənin istehsalçılarını qorumaq, digər tərəfdən də ticarət əlaqələrini genişləndirmək məqsədi daşıyır. Bu saziş iki ölkə arasında qarşılıqlı ticarət münasibətlərinə mühüm töhfə verəcək. Gömrük rüsumlarının azaldılması, bəzi mallarda isə tamamilə aradan qaldırılması iki ölkənin məhsullarının rəqabət qabiliyyətini daha da artıracaq.

Səfər çərçivəsində imzalanan digər 11 saziş də qarşılıqlı müasibətlərimzi təkcə ticarətdə deyil, iqtisadiyyatın digər sahələrində, eləcə də sosial həyatda gücləndirmək məqsədi daşıyır. Təhsil müəssisələrimiz arasında iş birliyinin gücləndirilməsi, Türkiyənin Azərbaycanın təhsil sisteminə verdiyi töhfələrin artırılması, investisiyaların qorunması sahəsində müxtəlif qaydaların tətbiq olunması iki ölkə arasında münasibətlərin inkişafına və möhkəmləndirilməsinə yönəlib. Ötən il Türkiyə Cümhuriyyəti Prezidentinin Bakıya səfəri zamanı imzalanan başqa bir saziş iki ölkə vətəndaşlarının qarşılıqlı səfərlərinin şəxsiyyət vəsiqəsi ilə mümkün olmasına imkan verir. Bu, həm vətəndaşların qarşılıqlı gediş-gəlişini asanlaşdırır, həm də iş adamlarının görüşlərinin artmasını və daha tez, daha rahat görüşmələrini təmin etməyə şərait yaradır. Bu sazişin qüvvəyə minməsi, təbii ki, bizi sadəcə iqtisadi anlamda deyil, eyni zamanda insani anlamda bir-birimizə yaxınlaşdıracaq, qarşılıqlı bağları daha da gücləndirəcək.

- Preferensial Ticarət Sazişinin qüvvəyə minməsi ilə konkret hansı sahələrdə ticarətin artırılması və ya yeni məhsulların ticarəti planlaşdırılır?

- Türkiyə ilə Azərbaycan arasında ticarətin ümumi həcmi 5 milyard dollardır. Bunun 2,5 milyard dollarını Türkiyənin Azərbaycana satdığı mallar, qalan hissəsini Azərbaycanın Türkiyəyə satdığı məhsullar təşkil edir. Azərbaycan Türkiyəyə təbii qaz satışında çox önəmli yer tutur. Ötən il Azərbaycan Türkiyəyə ən çox təbii qaz tədarük edən ölkə səviyyəsinə çatdı. TANAP boru xətti vasitəsilə artıq Azərbaycan Türkiyəyə birbaşa daha çox qaz ixrac edə bilir. Bundan başqa, Azərbaycanda istehsal olunan digər malları da Türkiyə ala bilər. Türkiyə bazarı müxtəlif ölkələrdən gələn mallara açıqdır. Preferensial Ticarət Sazişi Azərbaycan məhsullarının Türkiyəyə satılmasının yolunu açan bir anlaşmadır. Bu baxımdan, mal qrupları üzərində müzakirələrdə istənilən məhsulların satışı gündəmə gətirilə bilər. Müzakirələrin nəticəsində bəlli bir nəticə əldə oluna bilər.

Azərbaycan son illərdə iqtisadiyyatın qeyri-neft sektorunun genişləndirilməsi proqramını həyata keçirir. Qeyri-neft sektorunda əsas sahələrdən biri kənd təsərrüfatıdır. Bundan başqa, ölkədə sənayenin genişləndirilməsi üçün təşviq siyasəti yürüdülür. Azərbaycanda sənaye istehsalının getdikcə artdığını müşahidə edirik. Bütün bunlarda Türkiyəyə ixrac potensialı vardır. Ötən il COVID-19 pandemiyası ilə əlaqədar olaraq bütün dünyada ümumi ticarət həcmi xeyli azaldı. Buna baxmayaraq bizim ticarət əlaqələrimiz yenə artdı və uğurlu bir ili geridə qoyduq. Bu il daha yüksək nəticələr əldə edəcəyik və ölkələrimizin iqtisadiyyatının daha da gücləndiyini görəcəyik.

- İqtisadiyyatın güclənməsi həm də iş adamlarının fəallığından asılıdır. Türk iş adamlarının Azərbaycan iqtisadiyyatına yatırım imkanlarını necə qiymətləndirirsiniz?

- Azərbaycanda son illərdə qeyri-neft sektorunun inkişafı üçün çox ciddi tədbirlər görülüb. İnvestisiyaların təşviqinə nail olmaq üçün ciddi qərarlar qəbul edilib. Təbii ki, türk iş adamları da bu məsələlər barədə məlumatlanırlar. Biz iş adamlarını məlumatlandırır, onları buraya yatırım etməyə təşviq edirik. Nəticədə, son zamanlarda Azərbaycana investisiya yatırmaq istəyən iş adamlarının sayında önəmli bir artım müşahidə edirik. Qarşıdakı dövrdə bu yatırımların artacağına ürəkdən inanıram. Çünki Türkiyə ilə Azərbaycan arasında investisiyalar məsələsinə ciddi münasibət var. Azərbaycan bu gün Türkiyədə ən böyük investisiya yatıran ölkə səviyyəsinə çatıb. Xüsusilə SOCAR-ın İzmirdə qurduğu "Star" zavodunun ardınca "Merkuri" layihəsinin gerçəkləşməsi ilə Azərbaycan Türkiyədəki ən böyük xarici sərmayəçi olacaq. Türkiyə isə Azərbaycanın qeyri-neft sektoruna ən böyük yatırım edən ölkədir. Burada 4 min nəfərə yaxın iş adamımız 47 min insanın məşğulluğunu təmin edib. Türkiyə iş adamları Azərbaycan iqtisadiyyatına bu şəkildə dəstək verir. Məqsədimiz gələcəkdə bunların həm sayını, həm də keyfiyyətini daha da yüksəltmək, Türkiyədəki azərbaycanlı iş adamlarının fəaliyyətlərini artırmaqdır.

- Qarşıdakı illər üçün Azərbaycanın prioriteti Qarabağın yenidən qurulmasıdır. Türkiyə Cümhuriyyəti Qarabağın bərpası layihələrində hansı formada iştirak edə bilər? İş adamlarının maraq və gözləntisi nələrdir?

- Qarabağda görüləcək çox böyük işlər vardır. Bu gün onların ən önəmlisi bölgənin mina və partlayıcı maddələrdən təmizlənməsidir. Biz bu məsələdə Azərbaycana dəstək olmağa çalışırıq. Bölgə tam təhlükəsiz vəziyyətə gəldikdən sonra Qarabağda yatırım və istehsala başlamaq olar. Hələlik Azərbaycan hökuməti yatırımların planlaşdırılması ilə məşğuldur. Bundan öncə isə Qarabağdan köçmək məcburiyyətində qalmış məcburi köçkünlərin öz vətənlərinə qayıtmasını təmin etmək lazımdır. İnsanlar aradan keçən 30 ilə yaxın müddətdə müxtəlif bölgələrdə məskunlaşıblar. Azərbaycan hökuməti qayıdışın mümkün qədər rahat gerçəkləşməsi, insanların öz vətənlərinə qovuşması üçün planlar hazırlayır. Şəhərlərin, kəndlərin qurulması, hansı iqtisadi sahələrə önəm verilməsi kimi müxtəlif məsələlərə aydınlıq gətirildikdən sonra harada nə ediləcəyi bəlli olacaq. Biz də Azərbaycana həmin planlar çərçivəsində ehtiyac duyduğu hər məsələdə özəl sektorla, dövlətimizlə yardımçı olmağa çalışacağıq.

Türkiyə Səfirliyi 3 il əvvəl Cocuq Mərcanlıda bir qayıdış layihəsinə başlayıb. İqtisadiyyat Nazirliyi ilə birgə həyata keçirilən həmin layihədə əsas məqsədimiz Cocuq Mərcanlının bir cazibə mərkəzi halına gətirilməsi, orada yaşayan insanların yetərli qazanca sahib olması üçün Azərbaycanın səylərinə dəstək olmaqdır. Hədəfimiz bütün Qarabağı Cocuq Mərcanlı kimi gözəl bir məkana çevirməkdir. Hazırda iş adamlarımızı bu çərçivədə məlumatlandırırıq.

- 10 noyabr razılaşmasına əsasən, Ermənistan ərazisindən Naxçıvana birbaşa nəqliyyat dəhlizinin açılması planlaşdırılır. Həmin dəhliz bölgəyə nə qazandıracaq?

- Bu dəhliz Azərbaycanla Türkiyəni daha da yaxınlaşdıracaq çox önəmli bir layihədir. Bunun həyata keçməsi ilə Türkiyədən Azərbaycana çatmaq üçün qət ediləcək məsafədə ciddi azalma olacaq. Digər tərəfdən, Türkiyə ixrac məhsullarının Orta Asiyaya çatdırılmasında yeni bir marşrut açılacaq. İstər dəmiryolu, istərsə də avtomobil yolu ilə buradan malların göndərilməsi üçün qət edilən məsafə qısalacaq, daşınma xərcləri azalacaq. Bu layihənin gerçəkləşməsi Türkiyə üçün böyük önəm daşıyır. Bu, iki ölkəni bir-birinə yaxınlaşdıracaq regional layihə olacaq. Biz qarşıya Cənubi Qafqazın sülh və sabitlik bölgəsi olmasını hədəf qoyan iki ölkəyik. Bu istiqamətdə bizə doğru atılan hər addıma qarşılıq verməyə hazırıq.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin