“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin nəticələri açıqlandı
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin “İdarəetmə bacarıqları üzrə imtahan”ının nəticələri açıqlanıb.
İmtahana qatılan 711 iştirakçıdan 309 nəfəri ən yüksək nəticə göstərərək müsabiqənin növbəti mərhələsi olan yarımfinalda iştirak hüququ qazanıb.
Əyani mərhələnin sonuncu sınağı olan “İdarəetmə bacarıqları üzrə imtahan”ın sual tərtibatı insan kapitalının qiymətləndirilməsi üzrə müvafiq imtahan proseslərində tətbiq edilən dünya təcrübəsinə əsaslanır. İmtahan nəticələrinin hesablanması T-ballar əsasında həyata keçirilir. İmtahanın hər bir bloku üzrə toplanıla bilən maksimum xam balın ən azı 20%-ni toplayan namizədlər arasından ümumi T-balı ən yüksək olan iştirakçılar yarımfinal mərhələsinə keçid alıb. İştirakçılar arasında maksimum T-balı 701 olan 1 nəfər, minimum T-balı 533 olan 15 nəfərdir.
Ümumilikdə Bakı üzrə 253, regionlar üzrə 56 nəfər yarımfinal mərhələsinə buraxılıb. Onlardan 262 nəfəri kişi, 47 nəfəri qadındır. Ən gənc iştirakçının 22, ən yaşlısının 49 yaşı var.
Əyani mərhələnin imtahanları Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin dəstəyi ilə təşkil olunub.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi 21-51 yaş aralığında, 2 illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqədə 11 760 nəfər qeydiyyatdan keçib. Onlardan 9 775 nəfər müsabiqəyə qəbul edilib.
“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay