Dünyanın ən zəngin 500 şəxsinin sərvəti 10 trilyon dolları keçdi
ABŞ texnologiya səhmlərindəki güclü artım, dünyanın ən zəngin şəxsləri arasında Larry Ellison, Cef Bezos, Maykl Dell və "Google"un təsisçiləri Lerri Peyc və Sergey Brin kimi adların sərvətlərinin sürətlə artmasında mühüm rol oynayıb.
Valyuta.Az xəbər verir ki, bu il yalnız səkkiz texnologiya nəhəngi 600 milyard dollardan çox qazanıb. Bu məbləğ, "Bloomberg Milyarderlər İndeksi" tərəfindən izlənilən ən zəngin 500 nəfər arasında ümumi 1,5 trilyon dollarlıq artımın 43 faizini təşkil edib.
Bununla yanaşı, 2024-cü ildə dünyanın ən zəngin şəxsləri arasında liderliyi, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın seçki kampaniyasına göstərdiyi misli görünməmiş dəstəkdən sonra Elon Mask ələ alıb.
Maskın sərvətində Tramp təsiri
İlon Maskın Tramp ilə yaxın münasibətləri "Tesla Inc.", "SpaceX" və "xAI" daxil olmaqla onun şirkətlərinin dəyərinin artmasına kömək edib. Bunun nəticəsində Maskın sərvəti ilin əvvəlindən 213 milyard dollar artaraq 442,1 milyard dollara çatıb. 17 dekabrda Mask və Bezos arasındakı 237 milyard dollarlıq fərq "Bloomberg" sərvət indeksində birinci və ikinci yerlərdə olan şəxslər arasında qeydə alınan ən böyük fərq olub.
Ümumiyyətlə, dünyanın ən zəngin şəxsləri 2024-cü ildə gözlənilməz şəkildə yüksələn səhm bazarından böyük fayda əldə ediblər. "S&P 500" indeksi Maskın "Tesla"sı, Zukerberqin "Meta Platforms Inc." və Huangın "Nvidia Corp." şirkətlərinin daxil olduğu "Möhtəşəm Yeddilik" qrupu ilə dəstəklənərək keçən il 24 faiz dəyər qazanıb. Bu səhmlər indeksin ümumi performansının yarısından çoxunu təşkil edib.
Trampın qələbəsinin rəqəmsal aktivlərə təsiri
Trampın seçki qələbəsi rəqəmsal aktivlər üçün də tarixi bir yüksəlişə səbəb olub və "Bitcoin" ilk dəfə 100.000 dolları keçib. Bu yüksəliş xüsusilə kripto milyarderlərini dəstəkləyib: "Binance Holdings" rəhbəri Çanpenq Zhaonun sərvəti 60 faiz artaraq 55 milyard dollara çatıb. "Coinbase Global Inc."in təsisçisi Brian Armstronqun sərvəti isə 50 faizdən çox artaraq 11,1 milyard dollara yüksəlib.
"Bloomberg Milyarderlər İndeksi" tərəfindən izlənən ümumi sərvətlərin dəyəri bazar ertəsi bağlanışında 9,8 trilyon dollar təşkil edib. Bu məbləğ, 11 dekabrda qeydə alınan 10,1 trilyon dollarlıq zirvədən azacıq geri çəkilib. Dünya Bankının məlumatlarına görə, bu sərvətlər ötən il Almaniya, Yaponiya və Avstraliyanın ümumi daxili məhsullarına bərabər olub.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay