Noyabr ayında ərzaq məhsulları üzrə illik 4,4%-lik inflyasiya qeydə alınıb - AMB
Bu ilin noyabr ayında ərzaq məhsulları üzrə illik 4,4%-lik inflyasiya qeydə alınıb, qeyri-ərzaq məhsulları 2,2% bahalaşıb. İllik xidmət inflyasiyası isə bu dövrdə 6% təşkil edib.
Valyuta.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankının 2025-ci il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilib.
Qeyd olunub ki, 2024-cü ildə pul siyasəti monetar şərait (maliyyə bazarlarının göstəriciləri olan faiz, məzənnə və s.) vasitəsilə inflyasiyanın hədəf daxilində saxlanılmasına yönəldilib: “Pul siyasəti alətləri pul siyasətindən kənar (avtonom) amillərin monetar şəraitə təsirlərinin neytrallaşdırılmasına xidmət etmişdir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin noyabrında 12 aylıq inflyasiya 4,4% olub. Noyabr ayında ərzaq məhsulları üzrə illik 4,4%-lik inflyasiya qeydə alınıb, qeyri-ərzaq məhsulları 2,2% bahalaşıb. İllik xidmət inflyasiyası isə bu dövrdə 6% təşkil edib”.
“Tənzimlənən qiymətlərin, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsullarının qiymət dəyişimi nəzərə alınmadan hesablanan illik baza inflyasiyası noyabrda 3,9% təşkil edib. İllik inflyasiyaya cari ildə bir sıra xarici və daxili amillər təsir edib. Tərəfdaş ölkələr üzrə orta çəkili inflyasiyanın pik səviyyələrlə müqayisədə düşməsi, eləcə də manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsinin davam etməsi inflyasiyaya azaldıcı təsir edib. 2024-cü ilin 11 ayında manatın qeyri-neft ticarət çəkili nominal effektiv məzənnəsi 7,1% bahalaşıb.
İnflyasiyanın azalmasına hökumətin və Mərkəzi Bankın qiymətlər sabitliyinin təmin edilməsi istiqamətində son illər həyata keçirdiyi siyasət də öz töhfəsini verib. 2024-cü ildə də valyuta bazarında sabitlik olmuş, 11 ayda Mərkəzi Bankda Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) valyuta satışlarının həyata keçirilməsi üzrə 87 valyuta hərracı baş tutub. Bu hərraclarda bazarın xarici valyutaya tələbatı tam ödənilib”, - deyə bəyanatda qeyd olunub.
©Trend
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay