Avtobus sürücüləri də imtahan verəcəklər? - Rəsmi AÇIQLAMA
Bakıda taksi sürücüsü kimi fəaliyyət göstərmək istəyənlər xüsusi hazırlıq keçməli və sonra bu hazırlığın qiymətləndirilməsi üçün imtahan verməlidirlər.
Bu səbəblə noyabr ayının 3-də taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, imtahanda iştirak etmək üçün 774 nəfər xüsusi hazırlıq keçmiş sürücü qeydiyyatdan keçib.
Sürücülərə, əsasən etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair 20 test tapşırığı verilir.
Ölkədə, xüsusilə, paytaxtda avtobusdan istifadə edənlərin sayı taksidən istifadə edən sərnişinlərin sayından qat-qat çoxdur. Tez-tez mətbuatda və sosial şəbəkələrdə avtobus sürücüləri ilə sərnişinlər arasında dava-dalaş, anlaşılmazlıqlarla bağlı məlumatlara rast gəlirik.
Bütün bunları nəzərə alaraq, avtobus sürücülərinin də imtahan verməsi düşünülə bilərmi?
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət etdik.
Qurumdan bildirilib ki, sürücülər təlimlərə cəlb edilərək işə götürülür:
“Avtobus sürücülərinin işə qəbulu daşıyıcılar tərəfindən həyata keçirilir. İri daşıyıcılar tərəfindən sürücülər təlimlərə cəlb edilərək işə götürülür. Daşıyıcılarla keçirilən görüşlərdə mütəmadi olaraq onlara sürücü seçimi kriteriyaları ilə bağlı müvafiq tövsiyələr verilir. Bununla bağlı daşıyıcılara AYNA tərəfindən tövsiyə məktubları da göndərilib”.
Məlumatda qeyd edilib ki, AYNA-nın Təlim-Tədris Mərkəzində də avtobus sürücüləri üçün təlimlər keçirilir. Burada sürücülər peşə fəaliyyəti, davranış qaydaları üzrə nəzəri və praktiki təlimlərə cəlb olunurlar.
© Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay