İnsanlar öz evlərinin damına günəş panelləri quraşdıra bilərlərmi? - AÇIQLAMA
Günəş panelləri ilə bağlı vətəndaşlar tərəfindən maraqlı təkliflər irəli sürülüb. Belə ki, bəziləri hesab edir ki, evlərə dam örtüklərinin quraşdırılması onsuz da baha başa gəlir. Bunun əvəzinə günəş panelli dam örütkləri hazırlansın və kim istəsə evinin damına onu quraşdırsın. Yəni dam örtüklərində günəş panellərinin quraşdırılması, alternativ enerji üçün çox yaxşı addım olardı.
Valyuta.az xəbər verir ki, mövzu ilə bağlı enerji məsələləri üzrə ekspert İlham Şaban Redaktor.az-a açıqlamasında bildirdi ki, bu, çox yaxşı təşəbbüs və ideyadır:
"2023-cü ildə Azərbaycanda "Elektroenergetika" haqqında qəbul edilmiş qanuna görə, artıq hər bir ev təsərrüfatı, yəni fiziki şəxs özünün mənzilində, həyətində, damında alternativ enerji mənbəsindən aldığı enerjini dövlətə sata bilər və bu, Tarif Şurası tərəfindən təsdiqlənmiş qiymətdə ondan alınar. Burada heç bir problem yoxdur. Sadəcə bunun üçün ərizə ilə paylayıcı şəbəkəyə, yəni "Azərişıq" ASC-yə müraciət etməsi kifayətdir".
Ekspertin sözlərinə görə, burada ikinci məsələ də var:
"Günəş panellərinin hazırlanma texnologiyası istəyir Amerika Birləşmiş Ştatlarında, istəyir Çində, istəyir Afrikada, yaxud elə Azərbaycanda olsun, yenə də eynidir. Yəni günəş panellərini elə hazırlamaq olmaz ki, onun altına istini, soyuğu saxlayan, izalə edilmiş material yapışdırasan və sonra da taxtanın üstünə vurasan. Hətta İlon Maskın bir layihəsi var, ABŞ-də artıq üç ildir həyata keçirir. Belə ki, evlərin damını tamamilə günəş panelləri ilə örtürlər və bunu etməmişdən öncə xüsusi izalə edilmiş material çəkirlər. Yəni bu istiliyi saxlayır, onun davamlılığını artırır. Ancaq bu gün hətta Amerika kimi yerdə satış həcmləri həddindən artıq çoxdur, qiyməti kifayət qədər bahalıdır. Bu gün 100 kvadratmetrlik bir evin damını metal örtüklə bağlamaq üçün təqribən 6-7 min manat xərc tələb olunur. Onu altdan izalə etmək üçün isə təqribən 1 500-2 000 manat arasında izalə materiallarından istifadə olunar. Çünki evlərdə hava qızdıqca yuxarı qalxır və ən böyük itkisi məhz dam örtüyündə baş verir. Kim ki onu yaxşı izalə edə bilir, o, elektrik enerjisinə qənaət etmiş olur".
İlham Şaban qeyd etdi ki, bu problemlərlə bağ evində də rastlaşıb:
"Məsələn, insanlar 100 min manat kapital xərci çəkərək bir-iki mərtəbəli ev tikirlər və minimal 5 000 manat xərcləyib onu izalə etmirlər. Sonra da deyilər ki, 2 ayda limiti qurtardım. Ancaq həmin kapital xərcini çəkdikdə eyni limiti 6-8 ay saxlamaq olur. Bu izolyasiya materiallara çəkilən xərci isə təqribən 5-6 ilə qazanmaq olur. Burada qızıl ortanı tapmaq vacibdir".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay