Qlobal ərzaq qiymətləri tarixi rekordları yeniləməyə davam edir - FAO
Bu ilin mart ayında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ərzaq qiyməti indeksi fevral ayı ilə müqayisədə 12,6%, 2021-ci ilin mart ayı ilə müqayisədə isə 33,6% artaraq 159,3 bəndə çatıb. Bu, yeni tarixi maksimumdur. Ötən rekord isə fevralda qeydə alınmışdı.
"APA-Economics"in FAO-ya istinadən verdiyi məlumata görə, FAO-nun taxıl qiyməti indeksi aylıq müqayisədə 17,1%, illik ifadədə isə 37,3% artaraq martda 170,1 bənd təşkil edib. Mart ayının bahalaşması buğda və ümumiyyətlə taxılın dünya qiymətlərindəki artımı əks etdirdi ki, bu da əsasən Ukraynadan və daha az dərəcədə Rusiyadan münaqişə ilə bağlı ixracın pozulması ilə əlaqədardır. ABŞ-da məhsulun şəraiti ilə bağlı narahatlıqlar fonunda buğdanın qiyməti mart ayında 19,7% artaraq kəskin şəkildə bahalaşdı.
FAO-nun bitki yağları qiyməti indeksi aylıq 23,2%, illik isə 56,1% artaraq martda 248,6 bəndə çatıb. İndeksin kəskin yüksəlməsinə günəbaxan, palma, soya və kolza yağının bahalaşması səbəb olub. Günəbaxan yağı qiymətləri mart ayında Qara dəniz regionunda davam edən münaqişə fonunda ixracın azalması səbəbindən əhəmiyyətli dərəcədə artıb.
Təşkilatın süd məhsulları qiyməti indeksi aylıq müqayisədə 2,6%, illik müqayisədə isə 23,6% artaraq martda 145,2 bəndə bərabər olub. Süd məhsullarının qiymətlərində artım tendensiyası əsasən Qərbi Avropa və Okeaniyada qlobal tələbatı ödəmək üçün kifayət qədər süd istehsalının olmaması səbəbindən davam edib.
FAO-nun ət məhsulları qiyməti indeksi isə təkcə ötən ay 4,8%, illik isə 19% artaraq 120 bənd təşkil edib. Bu, yeni tarixi rekorddur. Mart ayında Qərbi Avropada kəsim donuzlarının çatışmazlığı və qarşıdan gələn Pasxa bayramı fonunda (daxili tələbatın artması) donuz ətinin qiymətlərində 1995-ci ildən bəri ən yüksək aylıq artımı qeydə alınıb.
Şəkər qiyməti indeksinə gəldikdə, martda sözügedən göstərici aylıq 6,7%, illik müqayisədə isə 22,6% artaraq 110,6 bənd təşkil edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay