Təhsil Nazirliyindən şübhəli tender: 130 min vergi borcu olan şirkət necə “qalib oldu?
Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən keçirilən 3 açıq tender müsabiqəsini qalibi məlum olub.
Tender müsabiqələrinin qalibləri “Mühəndislik Tikinti Təchizat” MMC, “Simplex” QSC və “Element YT” MMC olub.
Tender müsabiqəsinin şərtlərinə əsasən Təhsil Nazirliyi:
- “Mühəndislik Tikinti Təchizat” MMC-yə bir sıra təhsil müəssisələrində istilik sistemləri və elektrik təchizatı avadanlıqların alınıb-quraşdırılması üçün 4 milyon 894 min 49 manat 88 qəpik;
- “Simplex” QSC-yə yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin alınması üçün 6 milyon 483 min 790 manat 47 qəpik;
- “Element YT” MMC-yə isə yanğın mühafizə sistemlərinin alınıb-quraşdırılması üçün 13 milyon 99 min 713 manat 90 qəpik ödəyəcək.
Nazirliyin 24 milyon 477,5 min manatlıq tender müsabiqəsində diqqət çəkən məqamlardan biri odur ki, tenderin qalibi olan “Simplex” QSC-nin (VÖEN- 2601600121) dövlət büdcəsinə böyük həcmdə - 130 min 148 manat 60 qəpik borcu var.
Qeyd edək ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə də mümkün deyil.
Məlumat üçün bildirək ki, Təhsil Nazirliyi tender müsabiqəsini bu il iyul ayının 8-də elan edib. Sənəd qəbulu avqust ayının 25-də başa çatıb. 130 min manat vergi borcu olan şirkətin tenderdə necə iştirak etdiyini və bu qədər borcun hansı tarixlərə aid olduğuna aydınlıq gətirmək üçün həm Təhsil Nazirliyi, həm də “Simplex” QSC ilə əlaqə saxlamağa cəhd etsək də telefon zənglərimizə cavab verən olmadı.
Mənbə: Yeniavaz.com
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay