Agentlərini itirən sığorta bazarı və Mərkəzi Bankın sərt mövqeyi - AÇIQLAMALAR
Azərbaycan Mərkəzi Bankı (AMB) lisenziyalı sığorta agentlərinin sığorta şirkətlərində vəzifə tutmasını qadağan edib. Bununla bağlı sığorta şirkətində vəzifə tutan yaxud tutmaq arzusunda olan şəxslərin sığorta lisenziyası mütləq ləğv edilir.
AMB-nin bu qərarı bir sıra bazar iştirakçıları tərəfindən birmənalı qarşılanmayıb. Onlar iddia edirlər ki, sığorta şirkətində tutulan vəzifədə qalma müddəti çox olmaya bilər və AMB lisenziyası ləğv edilən agentlərin vəzifədə qalmasının uzunmüddətli olmasına görə zəmanət verməlidir.
Sığorta agentlərinin bu iddialarını şərh edən müstəqil sığorta eksperti İlkin İbrahimov qeyd edir ki, AMB-nin lisenziyalı sığorta agentləri ilə bağlı verdiyi qərar ədalətlidir və agentlərin xeyrinədir:
“Azərbaycan Mərkəzi Bankı “Sığorta fəaliyyəti haqqında” qanunvericiliyə dəyişiklik təklif etmişdi və iyul ayından etibarən bu təklif qanuni qüvvəyə mindi.
Əvvəllər lisenziyalı sığorta agentlərinin heç bir hüququ yox idi. Hətta adi vətəndaş belə lisenziyası olan bu agentlərlə danışırdılar və sub-agent kimi yazılan sığorta protokollarından faizlər əldə edirdilər. Yəni müqavilələr bir nəfərin adından imzalanırdı, amma hamı mənfəət əldə edirdi.
Daha sonra isə lisenziyalı sığorta agentləri narazılıq etməyə başladı. O vaxt mən AMB-yə təklif verdim ki, lisenziyalı sığorta agentləri ilə bağlı müəyyən addımlar atılsın – həm onlara qanunvericilik öyrədilsin, həm də onların verdikləri təkliflər dinlənilsin. Mərkəzi Bank da bu təklifi nəzərə almışdı və bildirdilər ki, biz daha da gücləndirəcəyik”.
Ekspert əlavə edib ki, bu yaxınlarda da Mərkəzi Bank 93 nəfər sığorta agentinin lisenziyasını dayandırdı və izahatı da verildi ki, qanunvericiliyə görə bu addım atılır:
“Bu çox yaxşı haldır. Niyə görə, çünki bəzi hallarda lisenziyalı agentlər sui-istifadə edirdilər?! Mən özüm dəfələrlə şahidi olmuşam. Köhnə şəhadətnamənin üzərinə əlavə sənəd yazıb verirdilər və bu da problemlər yaradırdı. Heç biri ilə bağlı da tədbir görülmürdü. Amma indi çox yaxşı haldır ki, AMB buna çox böyük diqqət yetirib. İlk olaraq sığorta şirkətlərinə əməkdaşlarının sığorta şəhadətnaməsi yazmaq qadağan edilib. Bununla da lisenziyalı sığorta agentlərinin nüfuzu artıb.
Digər tərəfdən də Mərkəzi Bank doğru olaraq həmin lisenziyalı sığorta agentinin sığortaçıda vəzifə tutmasını qadağan edib. Həmin agentlər bir neçə sığorta şirkəti ilə müqavilə bağlayıb onlarla işləyə bilər. Bu məntiqi ardıcıllığın nəticəsidir. Gələcəkdə də onların nüfuzu daha da artacaq.
Bəzi sığorta agentləri deyir ki, “Mərkəzi Bank bizə zəmanət versin ki, biz vəzifəyə təyin olunandan sonra sığorta şirkəti bizi işdən azad etməyəcək”. Bu zəmanəti heç kim verə bilməz. Çünki həmin şəxslər müqaviləni sığorta şirkəti ilə bağlayır. AMB heç bir formada deyə bilməz ki, siz bunu qarantiya altına alın”.
İ. İbrahimov təklif edir ki, lisenziyasını bərpa etmək istəyən keçmiş sığorta agentlərindən rüsum alınmasın:
“Hesab edirəm ki, AMB-nin lisenziyalı sığorta agentləri ilə bağlı qəbul etdiyi qaydalar müstəqil ekspertlərə də şamil olunsun. Hazırda Mərkəzi Bankın siyahısında 100-dən çıx müstəqil ekspertin adı var, amma onlardan çoxu işləmir. Arzu edərdim ki, AMB işləməyən həmin ekspertlərin adlarını reyestrdən çıxarsın.
Hazırda sığorta lisenziyası üçün ödənilən rüsumun həcmi 200 manatdır. Belə bir təklif irəli sürmək olar ki, lisenziyası ləğv edilmiş şəxs sığortaçıda vəzifəsindən azad edildikdən sonra yenidən lisenziya üçün imtahan verdikdə onlardan pul alınmasın. Sadəcə olaraq onların bilik və bacarıqları yoxlanılsın. Hesab edirəm ki, bu daha ədalətli addım olardı”.
Məsələ ilə bağlı sorğuya cavab olaraq Azərbaycan Mərkəzi Bankından bildirilib ki, qeyd edilən qaydalar mövcud qanunvericiliyə uyğun həyata keçirilir:
“Sığorta agentinin sığortaçıda vəzifənin tutmasının qadağan edilməsi Mərkəzi Bankın tələbindən deyil, “Sığorta fəaliyyəti haqqında” Qanundan irəli gəlir. Belə ki, sözügedən Qanunun 94.3-cü maddəsinə əsasən fiziki şəxs olan sığorta brokeri və sığorta agenti eyni zamanda sığortaçıda vəzifə tuta bilməz.
Sığorta agentlərinin sığortaçıda vəzifə tutmasının qadağan edilməsi sığortaçı ilə sığorta agenti arasında bağlanılan müqavilədən irəli gələn öhdəliklərin icrasında maraqlar münaqişəsinin yaranmasının qarşısının alınması və sığortaçılar tərəfindən sığorta agentinə təzyiq və təsirin azaldılması məqsədini daşıyır”.
Qeyd edilir ki, lisenziyanın qüvvəsinin dayandırılması qanunvericiliyin tələblərinin pozulmasına görə sanksiya sayılır və sığorta agentinin sığortaçıda vəzifənin tutmasına imkan yaradan əsas kimi çıxış edə bilməz.
“Eyni zamanda qeyd edirik ki, “Sığorta fəaliyyəti haqqında” Qanunun 83.2.3-cü və 107.1.1-ci maddələrinə əsasən lisenziya agentin müraciəti əsasında ləğv edildikdə həmin şəxs sığorta agenti fəaliyyətinə yenidən lisenziya ala bilər”.
Mənbə: Report.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay