Avqustda hərraca çıxarılacaq dövlət əmlakları - QİYMƏTLƏR
Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçirilən hərraclar həm investorlar, həm də sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün əlverişlidir.
Hərraclara çıxarılan dövlət əmlakları müxtəlif çeşidli olmaqla sahibkarların seçim imkanını artırır. Belə imkanlar hərraclara maraq yaradır. Qiymət və biznes qurmaq baxımından avqust ayı ərzində hərraca çıxarılacaq əmlaklara nəzər saldıq.
Qiymətlər 750 manatdan başlayır
Avqust ayı ərzində hərraca çıxarılan əmlaklar sırasında ən ucuzu Siyəzən rayonunda yerləşən 52 saylı mağazadır. Adıçəkilən əmlak 750 manat ilkin satış qiyməti ilə hərraca çıxarılıb. Onu almaq istəyən şəxslər 75 manat beh ödəməklə hərracda iştirak hüququ qazanırlar. Bu obyektdən xidmət sahəsinə aid olan sahələrdə biznes qurmaq üçün yararlanmaq olar. Obyektin ümumi faydalı sahəsi 33,1 m2-dir. Obyekt avqustun 31-də keçirilən hərraca çıxarılır.
Kənd klubu və mədəniyyət evi
Xidmət sahəsində əmlaklar sırasında kənd klubları və mədəniyyət evləri də var. Qiymətlər isə münasibdir.
Məsələn, 6 min manat məbləğində ilkin satış qiyməti ödəməklə Goranboyun Səfikürd kənd klubuna, Qazanbulaq qəsəbə Mədəniyyət evinə sahib olmaq olar.
Obyektlərin ərazisi də kiçik biznes qurmaq üçün əlverişlidir. Bu əmlaklar torpaq sahələri ilə birgə özəlləşdirilir. Səfikürd kənd klubunun ümumi faydalı sahəsi 69,4 m2, torpaq sahəsi isə 215,3 m2-dir.
Qazanbulaq qəsəbə Mədəniyyət evinin ümumi faydalı sahəsi 224,9 m2, torpaq sahəsi isə 262,6 m2-dir. Hər iki əmlak 31 avqust tarixində keçiriləcək hərraca çıxarılır. Hərraca qatılmaq üçün 600 manat beh məbləği ödənilməlidir.
Avqust hərracının ən yüksək qiymətə satışa çıxarılan əmlakı
Hərracın ən bahalı əmlakı Salyandakı Yüksəliş yardımçı təsərrüfatıdır.
Rayonun Peyk kəndində yerləşən təsərrüfatın ilkin satış qiyməti 751 500 manatdır. Ümumi faydalı sahəsi 14,8 m2 olan əmlakın özəlləşdiriləcək torpaq sahəsi 97,5 hektar təşkil edir.
Yardımçı təsərrüfatı almaq üçün investorlar öncədən 75 150 manat beh ödəməlidirlər.
Paytaxtın rayonlarında da bahalı və investorlar üçün daha çox gəlir gətirə biləcək əmlaklar özəlləşdirilməyə çıxarılıb.
Suraxanı rayonunda yerləşən 42 saylı mağaza 400 min manata satılır. Rayonun Yeni Günəşli qəsəbəsi, AB massivi, 137 ünvanında yerləşən əmlakın ümumi faydalı sahəsi 1 664,4 m2-dir. Hərraca qatılmaq üçün 40 min manat beh məbləği ödənilməlidir.
Adıçəkilən hər iki əmlak 31 avqust tarixində keçiriləcək hərraca çıxarılır.
Paytaxt ərazisində digər özəlləşdirilməyə çıxarılan əmlaklardan biri də 10 saylı mağazadır. Sabunçu rayonu, Nardaran qəsəbəsi, Şeyx Əli Tuti küçəsi, 1C ünvanında yerləşən əmlakın ilkin satış qiyməti 65 min manatdır.
Bu mağazanın ərazisi də kifayət qədər genişdir. Belə ki, əmlakın ümumi faydalı sahəsi 1133.5 m2 , torpaq sahəsi isə 2716,1 m2-dir. Hərraca qatılmaq üçün 6 500 manat beh məbləği ödənilməlidir. Adıçəkilən əmlak 17 avqust tarixində keçiriləcək hərraca çıxarılır.
Kərpic sexi
Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında torpaq sahəsi 17 hektar, ümumi faydalı sahəsi 206 m2 olan Qusar kərpic sexini nümunə göstərmək olar.
Rayonun Hil kəndində yerləşən həmin əmlakın ilkin satış qiyməti 210 min manatdır. Obyekti almaq istəyənlər əvvəlcədən 21 min manat beh ödəməlidirlər. Bu əmlak 31 avqust tarixində keçiriləcək hərraca çıxarılır.
İnvestorların tikinti sahəsində maraq göstərərəcəyi əmlaklardan biri də Ağdaş rayonundakı kərpic istehsal edən sahədir. Rayonun Nemətabad kəndində yerləşən bu əmlakın torpaq sahəsi 1,7 hektar, ümumi faydalı sahəsi isə 45 m2-dir.
Hərraca çıxarılan obyektin ilkin satış qiyməti isə 37 500 manat təşkil edir. Hərraca qatılmaq üçün 3 750 manat beh məbləği ödənilməlidir. Bu əmlak 31 avqust tarixində keçiriləcək hərraca çıxarılır.
Hamam
Lənkəranda və Şəkidə yerləşən hamamlar xidmət sahəsi üçün əlverişlidir.
Lənkəran şəhəri, A.Mahmudov küçəsi, 156A ünvanında yerləşən 6 saylı hamamın ümumi faydalı sahəsi 499,8 m2, torpaq sahəsi isə 4479,4 m2-dir. Bu əmlakın ilkin satış qiyməti 75 000 manatdır. Hərraca qatılmaq üçün 7 500 manat beh məbləği ödənilməlidir.
17 500 manata isə Şəki şəhəri, B.Məmmədov küçəsi, 29 ünvanında yerləşən 2 saylı hamamı özəlləşdirmək olar. Bu əmlakı almaq üçün isə öncədən 1750 manat beh məbləği ödənilməlidir.
Obyektin ümumi faydalı sahəsi 151,3 m2, torpaq sahəsi isə 213,5 m2-dir. Adıçəkilən hər iki əmlak 31 avqust tarixində keçiriləcək hərraca çıxarılır.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən verilən məlumata görə, hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər.
Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəməklə hərracda iştirakçı statusu almaq mümkündür.
Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər. Prosesə marağı olanlar da hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.
17 avqust və 31 avqust tarixlərində keçiriləcək hərraclara çıxarılan əmlaklarla müvafiq linklərə (//bit.ly/3lvBXdU//bit.ly/3CfTKvl) daxil olmaqla ətraflı tanış olmaq mümkündür.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay