Sumqayıtda ağac və gül üçün 100 mindən çox pul xərclənəcək - şübhəli tender
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Sumqayıt Bulvar” MMC ağac və kolların, rulon qazonun və güllərin satın alınması üzrə elan etdiyi müsabiqənin qaliblərini açıqlayıb.
Valyuta.az Hit.az-a istinadən xəbər verir ki, qaliblər “Gülüstan MMM” MMC və fərdi sahibkar Bağırova Nigar Rauf qızıdır.
“Sumqayıt Bulvar” MMC ağac və kolların, rulon qazonun satın alınması üçün “Gülüstan MMM” MMC-yə 76 499.4 AZN, güllərin satın alınması üçün isə Nigar Bağırovaya 39 550 AZN ödəyəcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Gülüstan MMM” MMC 19 oktyabr 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsi, ev 4-də yerləşir. MMC-nin qanuni təmsilçisi Manafov Mirzəbala Məmmədhüseyn oğludur.
Açıq mənbələrdə “Gülüstan MMM” MMC və Mirzəbala Manafov barəsində hər hansı məlumata rast gəlinmir. Baxmayaraq ki, şirkət 17 ilə yaxındır fəaliyyət göstərir. “Gülüstan MMM” MMC-nin bundan əvvəl satınalma müsabiqələrində iştirakına dair hər hansı fakt yoxdur.
Nigar Bağırovaya gəlincə, araşdırmalarımız zamanı məlum olub ki, “Sumqayıt Bulvar” MMC ötən il də onunla satınalma müqaviləsi bağlayıb. Maliyyə dəyəri 47 950 manat olan müqavilədə güllərin satın alınması nəzərdə tutulub.
“Sumqayıt Bulvar” MMC 13 aprel 2017-ci ildə 300 manatlıq nizamnamə kapitalı ilə yaradılıb. MMC-nin qanuni təmsilçisi Vəliyev Yavər Şirin oğludur.
“Sumqayıt Bulvar” MMC vaxtaşırı ağac və kollara, həmçinin güllərə pul xərcləyir. Təkcə ötən il ağac və kolların, eyni zamanda güllərin satın almasına 211 950 AZN sərf edilib. Ümumiyyətlə isə, “Sumqayıt Bulvar” MMC 2019-2021-ci illərdə toplam maliyyə dəyəri 6 milyon manata yaxın olan satınalma müqaviləsi imzalayıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay