"Dövlət qulluğu haqqında" qanuna yeni dəyişikliklər qəbul edilib
Milli Məclisin yaz sessiyasının bu gün keçirilən plenar iclasında "Dövlət qulluğu haqqında" qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Valyuta.az xəbər verir ki, sənədə əsasən, dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər.
Beşdən artıq müsahibədə iştirak ödənişlidir və müsahibədə iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Müsahibədə iştirak etmək istəyən şəxs müsahibənin keçirilməsi elan edildiyi gündən 30 gün müddətində dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət edir. Müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Sənədin qeyd hissəsində bildirilir ki, qanunun mövcud redaksiyasında dövlət qulluğu sertifikatına malik olan namizədlərin heç bir məhdudiyyət qoyulmadan Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən müsahibələrdə iştirakı nəzərdə tutulsa da, bir çox hallarda müsahibədə iştirak üçün müraciət etmiş namizədlərin müsahibəyə gəlməməsi və bu səbəbdən DİM üçün əlavə xərclərin yaranması hallarına rast gəlinir. Bu cür halların qarşısını almaq üçün dövlət qulluğu sertifikatının qüvvədə olma müddətinin hər ili ərzində dövlət qulluqçusunun beç müsahibədə iştirakının ödənişsiz, beşdən artıq müsahibədə iştirak üçün isə Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə ödəniş ödəməsi nəzərdə tutulur.
Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra III oxunuşda qəbul edilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay