Şuşada “Qırmızı Kitab”a düşəcək bir neçə bitki növü var - AÇIQLAMA
“Qırmızı kitabın III nəşri ilə bağlı redaksiya heyyəti yaradılıb. Bu nəşrlə bağlı iş proqramı hazırlanıb”.
Valyuta.az Oxu.az-a istinadən xəbər məlumat verir ki, bunu jurnalistlərə açıqlamasında AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru İradə Hüseynova deyib.
Onun sözlərinə görə, proqramda əsas məqsəd nadir və itməkdə olan bitki, göbələk və heyvan növlərinin siyahısının dəqiqləşdirilməsi, tərtib olunan siyahıların bir də nəzərdən keçirilməsi təmin edilməsidir:
“Artıq mühafizəyə ehtiyacı olmayan növlərin həmin siyahıdan çıxarılması və ehtiyac olan növlərin həmin siyahıya əlavə olunması, həmin növlərin populyasiyasının müəyyənləşdirilməsi, GPS məlumatların dəqiqləşdirilməsi və ətraf mühit faktorlarının təsirinin öyrənilməsi həyata keçiriləcək”.
Vitse-prezidentin sözlərinə görə, artıq ilkin siyahılar hazırdır: “III nəşrə 600-dən çox bitki növünün salınması nəzərdə tutulur. Yeni nəşrdə göbələk növlərinin sayı da artacaq”.
İ.Hüseynova qeyd edib ki, 30 il müddətində işğaldan azad olunmuş ərazilərdəki məhv olan bitki, göbələk və heyvanların sayı barədə məlumat demək olar yox dərəcəsində idi:
“Yeni nəşrdə həmin ərazilərdəki kitaba salınacaq növlərlə bağlı monitorinqlərə başlayacağıq. Artıq Zəngilanda müəyyən marşrutlar üzrə ilkin radio-ekoloji monitorinqlər keçirilib. Botaniki tədqiqatlara cüzi də olsa baxılıb. Su və torpaq nümunələri ilə bağlı ilkin işlər görülüb. Qeyd edim ki, Şuşada "Qırmızı Kitab"a düşəcək bir neçə bitki növü var”.
Qeyd edək ki, Qırmızı Kitabın III nəşrinin 2023-cü ildə dövlət başçısına təqdim olunması planlaşdırılır.
Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib ki, üçüncü “Qırmızı kitab” yeni çağırışa əsasən işğaldan azad edilmiş əraziləri əhatə etməklə daha təfsilatlı, daha informativ olacaq. Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin fauna və flora növlərinin monitorinqlərinin aparılması və düzgün qiymətləndirilməklə “Qırmızı kitab”da təmsil olunmasına ciddi diqqət yetiriləcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay