Ofisiantlar nə qədər vergi ödəyirlər?
Mövzunu “Turan” Tədris Mərkəzinin təlimçisi və vergi eksperti Cavid Vəlizadə şərh edir.
İaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər - ofisiantlar bu fəaliyyətə başlamaq üçün vergi orqanında uçota alınmalı, VÖEN əldə etməli və Dövlət Vergi Xidmətindən növbəti ay, rüb, yarımil və ya il üçün "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz" almalıdırlar.
Vergi Məcəlləsinin 220.10-cu maddəsinə əsasən, iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxs - ofisiant üçün aylıq 10 manat məbləğində sadələşdirilmiş vergi hesablanır. Həmin şəxslər aşağıdakı əmsallar tətbiq edilməklə ödənişi həyata keçirirlər:
- Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2,0;
- Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində – 1,5;
- Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində - 1,0;
- Digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) – 0,5.
Qeyd olunan şəxslər tərəfindən məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əməkhaqqının (345 manatın) 3 faizi miqdarında hesablanır və ərazi üzrə aşağıdakı əmsallar tətbiq edilir:
- Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2,0;
- Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində – 1,5;
- Digər şəhər və rayonlarda – 1,0.
İcbari tibbi sığorta isə minimum aylıq əməkhaqqının 4 faizi məbləğində ödənilməlidir. Bu ödəniş ərazi vahidlərinə bölünmür, əmsallar tətbiq edilmir.
Bakı şəhərində fəaliyyət göstərən şəxsin aylıq vergiləri və sosial ödənişləri aşağıdakı kimi hesablanacaq:
Sadələşdirilmiş vergi məbləği: 10 x 2 = 20 manat;
Məcburi dövlət sosial sığorta haqqı: (345 x 3%) x 2 = 20.7 manat;
İcbari tibbi sığorta haqqı: 345 x 4% = 13.8 manat.
Vergi Məcəlləsinin 58.12 maddəsinə əsasən, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almadan fəaliyyət göstərən şəxsə:
- Təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən edilmiş aylıq sabit vergi məbləğinin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqı məbləğlərinin 40 faizi miqdarında;
- təqvim ili ərzində belə hallara iki və daha çox dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqı məbləğlərinin 100 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
© Vergilər.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay