Bank hesabına ödənilən məbləğə görə kassa çeki verilməlidirmi? - ŞƏRH
“Bir ildən artıq davam edən pandemiya şəraitində malların və xidmətlərin onlayn qaydada təqdim edilməsinin həcmi artıb”.
Valyuta.az xəbər verir ki mövzunu şərh edən maliyyə eksperti Mahmud Abasquliyev, artıq bir çox ticarət və xidmət müəssisələri satışlarını ikili formada davam etdirdiyini bildirib.
Onun sözlərinə görə, bu zaman dövriyyələrin rəsmiləşməsi məsələlərində müəyyən suallar ortaya çıxır:
“Tutaq ki, pərakəndə satışla məşğul olan mağaza həm yerində, həm də onlayn xidmət göstərir. Onlayn satış üçün mağazanın bank hesabı açılıb. Satışdan gələn vəsait həmin hesaba mədaxil olunur.
Bu zaman alıcıya nəzarət-kassa çeki təqdim olunmalıdırmı?
Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən, malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədilə və yalnız Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti pərakəndə satış hesab olunur”.
Ekspert qeyd edib ki, pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir:
“Malların dəyəri nağdsız qaydada POS-terminal vasitəsilə ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki ilə yanaşı, POS-terminaldan çıxarış verilir. Eyni zamanda, həmin mağazanın fəaliyyət növü pərakəndə satış olduğundan pərakəndə qaydada satış zamanı mağaza tərəfindən alıcıya nəzarət-kassa aparatının çeki təqdim edilməlidir”.
Onun sözlərinə görə, bununla yanaşı, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 7-ci maddəsinin müddəalarına əsasən, satıcı istehlakçıya mal satarkən ona qəbz, mal, kassa çeki və ya digər yazılı sənəd verməlidir:
““Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.1-ci maddəsinin müddəalarına əsasən, nağdsız hesablaşmalar üç formada həyata keçirilir:
- bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə;
- ödəniş terminalları ilə;
- birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə”.
Ekspertin fikrincə, qeyd olunanlara əsasən, pərakəndə satış qaydasında təqdim edilən mallar üçün şəxs tərəfindən müəssisənin bank hesabına nağd qaydada vəsait ödənilir:
“Bu vəsaitə görə fiziki şəxsə nəzarət kassa-aparatının çeki təqdim edilməlidir. Dəyəri birbaşa bank hesabınıza ödənilmiş mallara görə alıcıya nəzarət-kassa aparatının çeki də verildiyindən hesabat dövrü ərzində nəzarət-kassa aparatına vurulmuş məbləğlərin ikiqat vergiyə cəlb edilməməsi üçün bu məbləğlər barədə məlumat vergi orqanına təqdim edilə bilər”.
Zeynəb Vəkil
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay