“İşğaldan azad olunmuş ərazilərdə turizmin müxtəlif növlərindən istifadə olunacaq”
“İşğaldan azad olunmuş ərazilərdə xüsusilə də, Kəlbəcərdə böyük turizm potensialı var. Kəlbəcərin mineral bulaqları, isti suyu Sovetlər Birliyi zamanı 80 minə yaxın turist qəbul edirdi. Hansı ki həmin dövrdə yol infrastrukturu yox idi, turizmin reklam bazarına çıxışımız yox idi. Bununla belə MDB ölkələrindən bura çox sayda turist gəlirdi. Kəlbəcərdə bütün infrastruktur tam bərpa olunandan sonra buraya gələn turist sayının 500 mindən çox olması gözlənilir”.
Bunu Valyuta.az-a turizm üzrə ekspert Rəhman Quliyev deyib. O, bildirib ki, işğaldan azad olunmuş ərazilərdə turizmin müxtəlif növlərindən istifadə olunacaq:
“Müxtəlif kateqoriyaya aid olan turistlər gələcək və müxtəlif kateqoriyalarda turizm kompleksləri, sanatoriyalar yaradılacaq. Kəlbəcərin füsunkar təbiəti və dağlıq relyefi turizmin müxtəlif növlərini yaratmağa imkan verir. Kəlbəcərdə dağ xizək kurortunun yaradılması, kanatların çəkilməsi, sanatoriyaların tikilərək həm yerli, həm də əcnəbi turistlərin istifadəsinə verilməsi mümkündür”.
Ekspert deyir ki, Kəlbəcərin turizmlə yanaşı, aqrar sahədə də böyük inkişaf potensialı var: “Heyvandarlıq, arıçılıq kimi sahələrin də turizmə böyük qatqısı olacaq. Orada heyvandarlığa, arıçılığa və bu kimi digər sahələrdə festivalların keçirilməsi turistləri cəlb edəcək”.
R.Quliyev işğaldan azad olunmuş ərazilərin yol infrastrukturundan da danışıb:
“Kəlbəcərdə tunellərin tikilməsi turistlərin yola sərf etdiyi vaxtı 2 saat azaldacaq. Turistlər Laçın Beynəlxalq Hava Limanından istifadə edərək 80 kilometr məsafə qət edərək Kəlbəcər rayonu ərazisinə daxil olacaqlar. Kəlbəcərin relyefi hava limanı inşa etməyə imkan vermirdi. Buna görə də, Laçın Beynəlxalq Hava Limanına həm yerli, həm xarici beynəlxalq uçuşlar həyata keçiriləcək. Həm Kəlbəcər, həm də işğaldan azad olunmuş digər rayonlara səfər etmək asanlaşacaq. Yalnız Beynəlxalq Laçın Hava Limanı deyil, Füzuli Beynəlxalq Hava Limanı, Zəngilan Beynəlxalq Hava Limanı, Xocalı Hava Limanı xarici və yerli turistlərə xidmət edəcək”.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay