“Azərbaycanda turizm polisinin yaradılmasına ehtiyac görmürəm”
Azərbaycanda turizm polisinin yaradılması təklif olunur. Dünya da bunun kimi təcrübə var. Azərbaycanda turizm polisinə ehtiyac varmı? Turizm polisi hansı səlahiyyətlərə sahib olmalıdır?
Turizm eksperti Ceyhun Aşurov Valyuta.az-a bildirib ki, turizm polisi anlayışı dünya praktikasında mövcuddur və bəzi ölkələrdə hər hansı məsələ ilə əlaqədar turistlərin narahatlığının qarşısını almaq üçün turizm polisi fəaliyyət göstərir. Turistlərin asayişinə, təhlükəsizliyinə və s. nəzarət etmiş olur. Onların geyimləri və funksiyaları fərqli olur.
C.Aşurov deyir ki, Azərbaycanda administrativ bir qurum və ya şəxslər olaraq turizm polisinə ehtiyac yoxdur: “Bu, ölkənin tam güvənlik mesajını verməyə suallar doğurur. Ölkəmizin tam təhlükəsizliyi təmin olunub, günün istənilən saatında istənilən bölgəyə insanlar rahat səyahət edə bilir, asayiş tam qorunur və güc strukturları, polis orqanları bütün vəziyyətə nəzərat edə bilir. Əlavə olaraq turizm polisinin yaradılması, bunun ilə əlaqədər onlara əlavə müəyyən funksiyaların verilməsi, turistləri qorumaq üçün onların nəzarət funksiyasını həyata keçirməsi əlavə bir prosesdir. Mənim fikrimcə, hazırda buna ehtiyac yoxdur”.
C.Aşurov bəzi sivil ölkələrdə turizm polisi olmadığını, onun funksiyalarını polis əməkdaşları, sivil polislər həyata keçirdiyini vurğulayıb: “Bu şəxslər turistlərdə hər hansı narahatlıq yaratmadan öz işlərini peşəkarcasına yerinə yetirirlər. Bu mənada, fikirləşirəm ki, xüsusi uniforma ilə xüsusi bir qurum yaradıb, turizm polisi formalaşdırmağa ehtiyac yoxdur. Dünyada gedən proseslər asanlaşmağa, rahatlaşmağa, müəyyən qədər nəzarət altında olsa da, liberallaşmağa, sadələşməyə doğru gedir. Bunun üçün əlavə inzibati, administrativ və yaxud başqa bir müdaxilənin olması proseslərə əksinə, kömək yerinə maneə olar, insanlarda əlavə bir gərginlik də yarada bilər”.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay