Yeni ili hoteldə qarşılamaq ən azı 2000-ə başa gəlir (QİYMƏTLƏR)
COVID-19 pandemiyasının yayılmasından bəri ilk dəfədir ki, Azərbaycanda əhali Yeni ili qadağalarsız qarşılayır. Son iki ildən fərqli olaraq rayonlara gediş-gəlişə hər hansı məhdudiyyət tətbiq olunmur. Bayrama bir aya yaxın vaxt qalsa da, artıq bölgələrdəki əksər hotellər Yeni il tətili üçün özəl təklif və kampaniyalarını elan ediblər.
“Qafqazinfo” bölgələrdəki hotellərdə vəziyyət, bron səviyyəsi və qiymətlərlə maraqlanıb. Məlum olub ki, əksər hotellərdə indidən yer məhdudiyyəti yaranıb. Müştərilərə bayram günləri ərzində iki gündən az olmayan tur paketlər təklif olunur. Yəni istəsəniz də, tək gün seçə bilməzsiniz.
Yerli turizm mərkəzlərindəki sıxlıq həm də qonşu ölkələrlə quru sərhədlərin bağlı olması ilə bağlıdır. Əvvəllər avtobus, qatar və ya şəxsi avtomobillə qonşu ölkələrə üz tutan azbüdcəli əhalinin böyük hissəsi də məcburiyyətdən rayonlardakı turizm zonalarına istiqamətlənib. Beləliklə, bayramı təbiət qoynunda yerləşən lüks hotellərdə keçirmək istəyənlər ən azı 2000 manatından keçməlidir.
Şabran rayonunda yerləşən “Qalaaltı” hoteldə dekabrın 30, 31-i və yanvarın 1-i tarixlərinə iki nəfərlik tur paketin qiyməti 1550 manatdır. Bu qiymət əsas binada standart otağın qiymətidir, köməkçi binada isə eyni günlər üçün məbləğ 1300 AZN-dir. Qiymətə gündə 3 dəfə qidalanma, şam yeməyi və SPA xidmətləri daxildir.
İstirahət mərkəzində daha lüks şəraitdə dincəlmək istəyənlər isə hotelin villalarından istifadə edə bilərlər. Villaların həmin günlər üçün qiyməti isə 3 min AZN-dir. Yalnız dekabrın 30-u hoteldə dincəlmək istəyənlər üçün isə ödəniş məbləği 350 manatdır.
“Şamaxı Palace” hotelində eyni günlər üçün eyvansız otaqda gecələmək 1750 AZN, eyvanlı otaqda isə 1870 AZN-ə başa gələcək. Qiymətlər dekabrın 30, 31-i və yanvarın 1-də 2 nəfər üçün nəzərdə tutulub. Bura gündə 3 dəfə qidalanma, qala şam yeməyi, hovuz və sauna xidmətləri daxildir.
Bu hoteldə də bron 31-i tarixindən edilibsə, çıxış ən azı yanvarın 2-si edilməlidir. 1 günlük qalmaq mümkün deyil.
Sözügedən hoteldə prezident nömrəsinin 2 gecəlik (31 dekabr-1 yanvar) qiyməti 6 min manatdır. Bura da eyni xidmətlər daxildir, fərqlilik isə otağa qalxan liftin şəxsi olmasıdır.
“Lankaran Springs” hotelində dekabrın 30-dan 1 gecə 2 nəfərə standart otaqda 225 AZN, dekabrın 31-i və yanvarın 1-i şam yeməyi daxil 2 gecə 1500 manatdır. 3 gecə isə toplam qiymət 1725 manatdır. Qala gecəsi daxil olmadan, yalnız 3 dəfə qidalanma ilə 3 gün üçün 3 gecənin qiyməti 1505 AZN-dir.
Bu hoteldə prezident nömrəsi artıq bron edilib. Daha yüksək kateqoriya sayılan “family suit” otağın günlük qiyməti isə 1740 AZN-dir.
“Şahdağ” hoteldə dekabrın 30-dan yanvarın 2-dək bütün yerlər bron edilib. Lakin öyrəndik ki, burada da qiymətlər digər lüks hotellərlə eynidir. Məsələn, bayram günləri - dekabrın 30-31-i və yanvarın 1-i tarixlərinə 2 nəfərlik paketin qiyməti 1710 AZN-dir. Bura gündə 3 dəfə qidalanma və SPA xidmətləri daxildir. "Şahdağ" hotelin əvəzində müştərilərə “Zirvə” və ya “Qala” hotelləri təklif olunur. Bu hotellərə də 3 gecəlik paketlər satılır. 2 nəfər üçün qiymətlər 1630 manatdan başlayır. Qiymətə səhər və axşam yeməkləri və yeni ildə şou-proqram daxildir. Daha yüksək kateqoriya sayılan “delux” nömrələr isə 2070 AZN-dir.
“Qafqaz Riverside” hoteldə bayram günləri 2 nəfər üçün 3 günlük qiymət 1573 manat müəyyənləşib. Bura dekabrın 30 və 31-də şam yeməyi, şou-proqram, spa xidmətləri, qapalı hovuz, idman zalı daxildir. Bu hoteldə də bayram günlərinə bir günlük qonaq qəbulu yoxdur, müştəri minimum 2 günlük rezervasiya etməlidir. Məsələn, dekabrın 30-a standart otağın qoyməti 2 nəfər üçün 228 manat, dekabrın 31-i isə 948 manatdır. Qiymət gündən və yeni il şam yeməyindən asılı olaraq dəyişir.
“Tufandağ” hoteldə isə bayram günlərinə cəmi 1 ədəd standart otaq boşdur. 2 nəfər üçün otağın günlük qiyməti 1395 AZN-dir. Dekabrın 31-dən 3 gecə isə 2 nəfər üçün 1693 AZN müəyyənləşib. Bura dekabrın 31-i şam yeməyi, digər günlər səhər yeməyi daxildir. Bu hoteldə də yalnız yanvarın 2-dən sonra 1 gecəlik nömrələr götürmək mümkündür.
Yeni istifadəyə verilən “Basqal” hoteldə isə tətil günlərində 2 nəfər üçün 3 günlük paketin qiyməti 1950 AZN-dir. Bura dekabrın 31-i qala gecəsi, hoteldəki digər xidmətlər, o cümlədən SPA daxildir. Eyni günlər üçün “delux” nömrə 1990 AZN, “family suit” isə 3980 AZN-dir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay