Ukrayna müharibəsi Azərbaycan turizminə necə təsir edəcək? - Ekspert
Rusiya-Ukrayna müharibəsi istər-istəməz turizm sektoruna da zərbə vurur. Azərbaycana son illər gələn turistlərin içərisində Rusiya vətəndaşları üstünlük təşkil edirdi. Belə ki, 2019-cu ildə şimal ölkəsindən Azərbaycana 932 min turist gəlib. Düzdür, pandemiya ilə əlaqədar olaraq 2020-ci ildə bu rəqəm 225 minə, 2021-ci ildə isə 258 minə enib. Bununla belə, son aylara qədər həmin istiqamətdə yenidən canlanma müşahidə edilirdi. Belə ki, 2021-ci ilin dekabrında Rusiyadan ölkəmizə 29324, yanvarda isə 26131 nəfər turist gəlib. Bu göstəriciyə görə, Rusiya ilk yeri tutur.
Ancaq Ukrayna böhranı fonunda Rusiyaya qoyulan sanksiyalar bu ölkə təyyarələrinin digər ölkələrə uçuşlarının dayandırılması ilə nəticələnib. Bu vəziyyət Azərbaycana da aiddir. Belə ki, martın 6-dan etibarən Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin tövsiyəsi ilə Rusiya aviaşirkətlərinin Azərbaycana reysləri qeyri-müəyyən müddətə dayandırılıb. Bunun da nəticəsində turizm şirkətləri Rusiyadan Azərbaycana və əks istiqamətə bütün tur paketləri ləğv ediblər.
Bu vəziyyət görəsən, Azərbaycanın turizm sektoruna necə təsir edəcək?
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən Turizm Assosiasiyasının nümayəndəsi Müzəffər Ağakərimovun fikrincə, yaranmış vəziyyət uzun müddət davam edərsə, proses birmənalı olaraq ölkəni turizm sahəsinə mənfi təsirini göstərəcək:
"Müharibə heç kimə, o cümlədən müxtəlif sahələrə də xeyir gətirmir. Rusiyanın qərarı ilə bu dövlətdən ölkəmizə və əks istiqamətə hava məkanı bağlanıb. Müharibə tez başa çatarsa, yəqin ki, elə də ciddi problemlər olmaz. Amma müharibənin uzanması bu istiqamətdə azalmaların olmasını qaçılmaz edə bilər. Ona görə də hələlik bu istiqamətdə son fikir yürütmək tezdir”.
Həmsöhbətimiz məsələnin müşkül olduğunu nəzərə alaraq, pandemiya dövründə olduğu kimi, 2022-ci ildə də daxili turizmin inkişafına üstünlük verməyin vacib olduğunu dedi:
"Hələlik yalnız bu yolla pandemiya və müharibənin Azərbaycanın turizm sektoruna vurduğu və vuracağı ziyanları müəyyən qədər kompensasiya etmək olar. Ona görə bu il də ancaq daxili turizmə üstünlük verəcəyik”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay