Daxili turizm 4 ənənəvi turizm dəhlizi üzrə fokuslanıb – Aparat rəhbəri
“Məlumdur ki, daxili turizm də pandemiyadan xeyli zərər gördü. Əvvəlki illərdə müqayisə etsək, pandemiya səbəbindən ötən il 3 milyona yaxın daxili turizm səfərinin təxirə salındığını deyə bilərik”.
Valyuta.az xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov Azvision.az-a müsahibəsində söyləyib.
“Sevindiricidir ki, bu ilin yanvarın sonundan başlayaraq turizm sahəsində canlanma müşahidə olunur. Təkcə cari ilin mart ayında daxili turist səfərlərinin sayı ötən illə müqayisədə 21% daha çox olub. Nazirlər Kabinetinin şəhərlərarası və rayonlararası hərəkətin bərpa olunması ilə bağlı qərarından sonra daxili turizm xidmətlərindən istifadə də artdı. Hazırda daxili turizmdə xidmət sahələri müəyyən məhdudiyyətlərlə də olsa, fəaliyyət göstərir. Hotellər qonaqlar qəbul edir, turizm agentlikləri fəaliyyətdədirlər”, – deyə Kənan Qasımov qeyd edib.
Onun sözlərinə görə, daxili turizmin intensivləşməsi ilə xüsusilə, regionlarda yerləşən hotellərin doluluq dərəcəsində artım müşahidə olundu:
“Bu baxımdan paytaxt hotelləri müəyyən çətinliklər yaşayır. Belə ki, ilk 3 ayın nəticələrindən aydın oldu ki, region hotellərində gecələmə sayı ötən illə müqayisədə 18% azaldığı halda paytaxtda müvafiq azalma 84% olub. Bununla belə statistik göstəricilərin aylıq təhlili göstərir ki, tendensiya artıq müsbətə doğru dəyişib. Belə ki, ötən ilin mart ayında Bakı şəhərində yerləşən hotellərdə cəmi 40 min gecələmə olduğu halda 2021-ci ilin martında 38.6% çox, yaxud 55.4 min gecələmə qeydə alınıb.
Daxili turizm hazırda ənənəvi 4 turizm dəhlizi üzrə fokuslanıb. Bakı-Şimal, Bakı-Şimal-qərb, Bakı-Qərb, Bakı-Cənub turizm dəhlizləri üzrə əsas turizm resurslarının cəmləşdiyi bölgələr ən çox səfər olunan istiqamətlərdir. Xüsusilə, bayram və istirahət günlərində bu bölgələr üzrə daxili turistik səfərlərin artdığı müşahidə olunur”.
Aparat rəhbəri vacib bir məqamı da diqqətə çatdırıb:
“Yerli turistlər ümumilikdə digər turizm xidmətlərindən daha az istifadə edirlər. Məsələn, daxili turistlərin muzeyləri ziyarət və ya turizm obyektlərini səfər etmək dərəcəsi xarici turistlərlə müqayisədə aşağıdır”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay