Azərbaycan turizmini nələr gözləyir? - Yeni mövsüm BAŞLAYIR
“Yay fəslinin gəlişi ilə əlaqədar Azərbaycanda yeni turizm mövsümü başlayır. 2020-ci ildə pandemiya ilə əlaqədar ciddi geriləmə yaşayan turizmi bu il nələr gözlədiyi hər kəsin müzakirəsinə səbəb olub”.
Valyuta.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə danışan iqtisadçı-ekspert Natiq Cəfərli söyləyib.
Ekspert bildirib ki, qonşu ölkələrlə sərhədlər açılsa belə, bəzi texniki əngəllər mövcuddur:
“COVID-lə bağlı məsələlər ciddi şəkildə nəzarət altına alınacaqsa, sərhədləri özümüz tərəfdən aça bilərik. Açsaq belə, bəzi texniki əngəllər mövcuddur. Xarici dövlətlərin səyahət qadağaları var. Ölkəmizdə bu il iyun ayında futbol üzrə Avropa Çempionatının qrup mərhələsinin oyunu keçiriləcəyi üçün sərhədlər açılmalıdır. Buna görə həm pandemiya, həm də postpandemiya işlərinə görə hazırlıqlar görülməlidir. Postpandemiya dövründə turizm bazarı uğrunda indidən mübarizə aparmaq, özümüzə yer tutmaq üçün aviasiya daşımaçılığı sahəsində müəyyən dəyişikliyə ehtiyac duyulur. Azərbaycanda xarici şirkətlərin, əsasən də türkiyəli iş adamlarının fəaliyyət göstərməsinə şərait yaradılmalıdır”.
Natiq Cəfərli ölkəmizdəki bəzi hava limanlarının fəaliyyət göstərmədiyini də qeyd edib:
“Ölkəmizdə bəzi hava limanları var ki, tikildikdən sonra heç bir uçuş həyata keçirilməyib. Qəbələ, Zaqatala, Lənkəran hava limanları fəaliyyət göstərmir. Heç olmasa, həmin hava limanlarında digər şirkətlərin fəaliyyətinə icazə verilsə və birbaşa uçuşlar həyata keçirilsə, biletlərin qiymətində kəskin ucuzlaşma olacaq. Biz bunu Gürcüstanda da rəqabətli mühit yaranan zaman biletlərin qiymətinin ucuzlaşmasında gördük. Elektron vizaların da asanlaşması və Avropa Birliyi ölkələri - Amerika, Yaponiya, Britaniya vətəndaşlarının vizasız gediş-gəlişi üçün asan şərtlərin irəli sürülməsi yaxşı olar. Turizm bazarında çox pul xərcləyən və varlı kəsimə də yönəlik viza məhdudiyyətinin aradan qaldırılmasında yarar var. Yerli infrastrukturun yaxşılaşdırılması və hotellərdə rəqabətli mühitin yaradılması, qiymətlərin aşağı salınmasına ehtiyac var”.
Onun sözlərinə görə, bu sahədə uğurlu işlər görmək üçün şərait dəyişib:
“Məsələn, işğaldan azad olunmuş torpaqlara tarixi turizm səfərlərinin-abidələrin ziyarəti üçün turizm marşrutlarının təşkili üçün şərait yaranıb. Kompleks tədbirlər görülsə düşünərəm ki, Azərbaycanın turizm potensialının yüksəlməsi üçün şərait var. İşlərin doğru qurulması və əlaqəli şəkildə fəaliyyət bu sahədə uğurların əldə olunmasına, gəlirlərin artmasına səbəb olacaq”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay