Vaksin turizmi Azərbaycana da ayaq açır? - Yeni trend
Artıq bəzi ölkələrdə vaksin turizmi trendə çevrilməkdədir. Belə ki, insanlar koronavirus əleyhinə peyvənd olunmaq üçün başqa ölkələrə üz tutur. Burda bütün ölkələr üzrə vaksinasiyanın başlamaması yaxud yaş limiti kimi faktorlar önəm daşıyır.
Maraqlıdır, ölkəmizdə necə, vaksin turizminin inkişaf potensialı varmı?
Valyuta.az xəbər verir ki, məsələ ətrafında Sfera.az-a danışan turizm eksperti Rəhman Quliyev vətəndaşlarımızın hazırda vaksinasiya üçün başqa ölkələrə müraciət etmədiyini bildirdi:
"Son aylarda demək olar ki, əksər ölkələr vaksinasiyaya start verib. Onu da deyim ki, dünya əhalisinin 70 faizə yaxını vaksinasiya olduqdan sonra biz pandemiyanın sonuna yaxınlaşmış ola bilərik. Hələ ki, Azərbaycanda vaksin turizmi anlayışı yoxdur. Yəni vətəndaşlarımız vaksinasiya üçün hansısa ölkəyə müraciət etmirlər. Çox nadir halda insanlarımız Türkiyə, Dubay kimi ölkələrə gedib orda peyvənd ola bilər. Lakin sırf bu məqsədlə insanlar ölkəni tərk etmir. Bundan əlavə ölkəmizə də vaksinasiya olunmaq üçün əcnəbilər gəlmir. Xaricə gedib əlavə xərc çəkməkdənsə, zamanı gözləyib ölkəmizdə peyvənd olunmaq lazımdır. Bu baxımdan vaksin turizminin inkişafını real görmürəm".
R.Quliyev vaksinləşmənin bütün ölkələr üzrə eyni qaydada həyata keçirilməli olduğunu qeyd edib:
"Vaksinləşmə elə şəkildə həyata keçirilməlidir ki, hamıya əlçatan olsun. Burda quş qripindən söhbət getmir. Burda insan taleyindən söhbət gedir. Lakin çox təəssüf olsun ki, dünyada virus əleyhinə hazırlanan vaksinlərin paylanılmasında da çirkin siyasi əməllər özünü göstərir. Haqsız savaşları kənara qoyub bütün dünya pandemiyaya qarşı birləşməlidir. Bu birlik olsaydı, biz indiyədək vaksinləməni bitirib normal həyata qayıtmış olardıq".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay