"Apple"a qarşı növbəti məhkəmə Britaniyada qurulur - "The Guardian"
"Apple" şirkəti "App Store" vasitəsilə Britaniya müştərilərindən artıq ödəniş tələb etmək ittihamı ilə məhkəmə qarşısına çıxacaq.
Valyuta.Az-ın verdiyi xəbərə əsasən, iddiada bildirilir ki, şirkət tətbiq bazarındakı dominant mövqeyindən sui-istifadə edir və tətbiq etdiyi 30%-lik komissiya haqqı Avropa və Britaniya rəqabət qanunlarını pozur.
İddia Londonun "King’s College" universitetindən akademik Dr. Reyçel Kent (Dr. Rachel Kent) tərəfindən qaldırılıb. O, öz adından və Britaniyada təxminən 19,6 milyon "iPhone" və "iPad" istifadəçisinin adından "Apple"a qarşı bu işi qaldırıb. Bu, qarşıdakı aylarda Rəqabət Müraciət Tribunalında müzakirə olunacaq iri texnologiya şirkətlərinə qarşı bir çox iddiaların ilki olacaq.
Dr. Kent iddia edir ki, "App Store" keçən il 15 milyard dollar (12 milyard funt sterlinq) gəlir əldə edib, lakin onun fəaliyyət xərcləri yalnız 100 milyon funt sterlinq olub. O, istifadəçilərin başqa seçimləri olmadığından artıq ödənişə məruz qaldıqlarını vurğulayıb.
Dr. Kent bu barədə deyib: ""App Store" bir vaxtlar mən də daxil olmaqla milyonlarla insan üçün maraqlı və yenilikçi xidmətlərin qapısı idi. Lakin 13 il sonra o, milyonlarla istehlakçı üçün yeganə keçid nöqtəsinə çevrilib. "Apple" tətbiqlər dünyasına girişi qısqanclıqla qoruyur və giriş haqqı kimi tamamilə əsassız ödənişlər tələb edir. Bu, monopolist davranışıdır və qəbuledilməzdir. İnsanların tətbiqlərdən istifadəsi hər gün artır və xüsusən də son bir ildə bu texnologiyadan asılılığımız çoxalıb. "Apple" bizim telefonlarımızda ödədiyimiz məbləğin 30 %-ni tutmağa haqqı yoxdur – xüsusən də "Apple" daha yaxşı təkliflər təqdim edə biləcək platforma və inkişaf etdiricilərə çıxışımızı bloklayır. Buna görə də mən bu addımı atıram."
"Apple" isə yayımladığı açıqlamada bu iddiaları rədd edərək ittihamları "əsassız" adlandırıb və qanun pozuntusu etmədiyini bildirib.
Şirkət bəyan edib: "Biz bu iddianın əsassız olduğuna inanırıq və məhkəmədə istehlakçılara bağlılığımızı və "App Store"un, həmçinin "Apple"ın dəyərli texnologiyalarının Britaniya innovasiya iqtisadiyyatına gətirdiyi çoxsaylı faydaları müzakirə etmək imkanını alqışlayırıq."
""App Store" tərəfindən alınan komissiyalar bütün digər rəqəmsal bazar yerlərindəki komissiyalara uyğundur. Əslində, "App Store"dakı tətbiqlərin 85 %-i pulsuzdur və inkişaf etdiricilər "Apple"a heç bir ödəniş etmirlər. Rəqəmsal mal və ya xidmət satan inkişaf etdiricilərin böyük əksəriyyəti isə 15 %-lik komissiya tarifinə uyğun gəlirlər."
Qeyd edək ki, məhkəmə prosesinin yeddi həftə davam etməsi gözlənilir.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay