İlon Mask beyin çipini bu dəfə Kanadada sınaqdan keçirəcək
"Neuralink" şirkəti çərşənbə günü açıqlayıb ki, iflic olmuş şəxslərə yalnız düşüncə gücü ilə rəqəmsal cihazlardan istifadə etmək imkanı verən cihazın ilk klinik sınağını Kanadada keçirmək üçün təsdiq alıb.
Valyuta.Az şirkətə istinadla bildirir ki, Kanadadakı tədqiqatın əsas məqsədi dörd ətrafı iflic olmuş şəxslərin fikirləri vasitəsilə xarici cihazlara nəzarət etməsinə imkan yaradan implantın təhlükəsizliyini və ilkin funksionallığını qiymətləndirməkdir.
Toronto Universitet Səhiyyə Şəbəkəsinə aid xəstəxananın açıqlamasında kompleks neyrocərrahi əməliyyatın məhz bu mərkəzdə həyata keçiriləcəyi qeyd olunub.
Kanadanın səhiyyə tənzimləyicisi "Health Canada" məsələ ilə bağlı şərh verməkdən imtina edib.
Birləşmiş Ştatlarda isə "Neuralink" artıq bu cihazı iki xəstəyə implantasiya edib. Şirkət bildirir ki, cihaz ikinci sınaq iştirakçısında uğurla işləyir. Həmin şəxs cihazdan istifadə edərək video oyunlar oynayır və 3D obyektlər dizayn etməyi öyrənir.
"Neuralink" 2016-cı ildə Elon Mask (Elon Musk) və bir qrup mühəndis tərəfindən təsis edilib. Şirkət, kəllə daxilinə implantasiya edilə bilən beyin-çip interfeysi hazırlayır. Bu texnologiyanın gələcəkdə əlil şəxslərə hərəkət etmək, ünsiyyət qurmaq və görmə qabiliyyətini bərpa etmək imkanı verəcəyinə inanılır.
Bundan əlavə, sentyabr ayında "Neuralink" görmə qabiliyyətini bərpa etməyə yönəlmiş eksperimental implantına görə ABŞ Qida və Dərman İdarəsindən "innovativ cihaz" statusu alıb.
Aydın
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay