İnsanabənzər robotlar üzərində araşdırma aparan azərbaycanlı xanım (FOTOLAR)
Sonabəyim Hüseynzadə: “Problem robotlarda deyil, insanlardadır. Robot sadəcə alətdir. Robotu idarə edən insandır. Düşünürəm ki, robotlarla işin tənzimlənməsi olmalıdır. Hansı qurum robotu hansı məqsədlə yaradır, nəzarət olunmalıdır. Yaxşı insan, pis insan olduğu kimi, yaxşı robot və pis robot da yaratmaq mümkündür”.
Ona ünvanlanan “əsas diplomdur, ixtisasın fərqi yoxdur”, “eybi yox, iş taparsan”, “oxuyub robot düzəldəcəksən?”, “qadın üçün əsas yemək bişirməyi bacarmaqdır” kimi sözlərə inad bu gün Almaniyada, Yaponiyada robotlarla bağlı tədqiqatlar aparır. Əzmi, özünə inamı ilə yaşıdlarından fərqlənir, üçüncü sinifdən bədii ədəbiyyat oxuyur. Düşünür ki, əgər xəyallarınıza mane olan insanlarla mübarizə apara bilmirsinizsə, onlardan uzaqlaşmaq lazımdır.
Müsahibimiz Almaniyada Siegen Universitetində və Yaponiyada Tohoku Universiteti (Sendai) və AIST mərkəzində (Tokio) insanoid robotlar üzərində tədqiqatçı işləyən həmyerlimiz Sonabəyim Hüseynzadədir.
Bakıda anadan olub. Elə məktəb vaxtından verdiyi suallarla, maraqlandığı sahələrlə, çox oxumağı ilə fərqlənib. Məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Mexatronika və Robototexnika ixtisasına qəbul olub. Hazırda Almaniyanın Dortmund Texniki Universitetində robototexnika və avtomatika üzrə təhsilini davam etdirir, Siegen Universitetində robototexnika üzrə tədqiqatçı işləyir. Həmçinin, universitetdə professor köməkçisi kimi fəaliyyət göstərir, professorla birlikdə dərs keçir. Həmsöhbətimiz bununla yanaşı, İEEE Azərbaycanın “Xanımlar mühəndislikdə” proqramının direktorudur.
“Oxumaq mənə bəs etmirdi”
- Sonabəyim xanım, beşinci sinifdə bir kitabxanaya məxsus bütün kitabları oxumusunuz. Bu yaşda kitab sevgisi necə yarandı?
- Bəli, təhsil aldığım məktəbin yaxınlığında yerləşən Nazim Hikmət adına kitabxanada bütün kitabları oxumuşdum. Hətta o vaxt Mədəniyyət və Turizm Nazirliyi məni tədbirə dəvət edib, təltif etmişdi. Kitaba olan marağımı isə mənə anam aşılayıb. Uşaq vaxtı çox suallar verirdim. Suallarıma cavab tapmaqda çətinlik çəkir, hətta öz yaşıdlarımla da söhbət edə bilmirdim. Çünki onların maraqları tam fərqli idi. Anam bir gün mənə dedi ki, çox sual verirsən, bəlkə suallarına cavabları kitablarda axtarasan? Kitablarla tanış oldum və çox maraqlı gəldi. Uşaq vaxtı nəyi görürdümsə, oxumaq istəyirdim. Bu, məndə tələbata çevrilmişdi. Bədii əsərlərə yanaşı, hər fənnin əlavə vəsaitlərini də alırdım. O qədər suallarım var idi ki, oxumaq bəs etmirdi.
- Maraqlıdır, kitablarda suallarınıza cavab tapırdınızmı?
- Bəli, tapırdım. Hər kitab mənə insanları, həyatı öyrədirdi. Suallarımı böyüklərdən soruşanda, mənə uşaqsan deyib yola verirdilər. Hətta narahat olurdular ki, sənə bu haqda kim danışıb? Fərqli reaksiyalar alırdım. Kiminsə fikirlərimi mühakimə etməsindən çəkinirdim. Kitab oxuduqca anladım ki, biz çox zaman özümüzdən qaçırıq. İnsanlar var ki, həyatı sorğulayır, insan da var ki, bu barədə düşünmür. Mən həyatı daim sorğulayır, cavablarımı böyüklərdən yox, kitablardan alırdım.
“İdeyan varsa, nə istəsən yarada bilərsən”
- Mexatronika və robototexnika mühəndisliyini seçdiyiniz üçün qınaqlarla üzləşmisiniz. Hətta bu ixtisasa qəbul olduqda, sizi təsəlli belə ediblər. Bəs nə üçün mexatronika?
- Universitetə qəbul olduğum il tələbələr daha çox kompüter mühəndisliyi, neft sahələrinə yönəlirdi. Bu, mənə maraqlı deyildi. Mexatronika haqqında internetdə araşdırdım, gördüm ki, böyük potensialı var. Həm də işimdə azadlığı sevirəm və protokolla çox hərəkət edə bilmirəm. Ona görə də tədqiqatçılığı seçdim. Robototexnika sahəsində isə azadlıq çoxdur. İdeyan varsa, nəzəriyyəni yaxşı anlaya bilirsənsə, nə istəsən yarada bilərsən. Yadımdadır, mexatronikanı seçəndə müəllimlərim belə “Sona, heyf sənin başından, robot düzəldəcəksən?” kimi sözlər dedilər. Bəziləri də, “eybi yox, əsas diplom olsun”, deyə təsəlli verirdilər. İnsanlar mexatronikanı bir sahə olaraq qəbul etmirdilər. Müəyyən vaxtdan sonra bu inamsızlığa öyrəşdim. Nə qədər mənə inanmırdılarsa, bir o qədər də motivasiya alırdım.
- Bəs bir an da olsa “müəllimim deyirsə, düz deyir” düşüncəsində oldunuzmu?
- Xeyr. Özümə, fikirlərimə güvənirdim. Məsələn, məktəbdə oxuyanda direktora demişdim ki, məktəbi düzgün idarə etmirsiniz. Uşaq vaxtı hər yerdə problem gördüyüm üçün böyüklərə çox da inamım yox idi. Kimsə mənə deyəndə ki, filan şey səhvdir, mütləq onu özüm araşdırır, sonra səhv, yaxud düz olması qənaətinə gəlirdim. Ona görə də böyüklər ixtisasımı məsləhət bilməyəndə, deyirdim ki, ola bilər ki, hazırda belə düşünürsünüz, amma mən bu sahə üzrə ən yaxşısı olacağam. Məncə, ixtisas seçərkən “buradan nə qədər qazanacağam” deyil, “bu sahəyə nə verə biləcəyəm” haqqında düşünməliyik. Mənə bildiyim sahə yox, əksinə, bilmədiyim sahə çox maraqlı idi.
“Sən qızsan, özünü qız kimi aparmırsan”
- “Qadınlar mühəndislikdə” proqramından danışaq. Yəqin ki, özünüz peşə ilə bağlı baryerlərlə rastlaşdığınız üçün qadınlara kömək etmək istədiniz.
- Bəli, mən qadın olduğum üçün əziyyət çəkmişəm. Çünki həmişə “sən qızsan, özünü qız kimi aparmırsan”, “qızsan, bunu etməlisən” kimi sözlər eşitmişəm. Hətta özümə nifrət etdiyim anlar da olub. Çünki qadın olduğum üçün, xüsusilə də öz ixtisasımla bağlı məni zəif görürdülər. Sonra öyrəndim ki, bu cür münasibətlə tək mən deyil, çox qadın qarşılaşır. Daha dəhşətlisi də odur ki, sən mühəndissən, amma iş yerində ciddi mühəndislik işlərini sənə vermirlər. Sən işində də başqa işlərlə məşğulsan. Sanki qadınsan, bu sahəni bilməzsən kimi yanaşırlar. Mən bundan sonra nəyisə dəyişməyə çalışdım. Düşündüm ki, bu sahədə işləyən, oxuyan qadınları bir yerə toplayım, fikir mübadiləsi aparsınlar və bacaracaqlarını göstərsinlər. Ona görə “Qadınlar mühəndislikdə” istiqamətini proqram olaraq yaratdım.
Sonra öyrəndim ki, dünyada da bu problem var və mərkəzi ABŞ-də yerləşən, müxtəlif regionlarda filialları olan “Qadınlar mühəndislikdə” proqramı var. Ora üzv olduq və direktor seçildim. Hazırda ADA universiteti ilə çalışır, tələbələrlə görüşlər keçiririk. İnanıram ki, zaman keçdikcə, belə fikirlər aradan qaldırılacaq, yanaşmalar dəyişəcək. Təəssüf ki, bu yanaşma xanımların əzmini, istəyini məhv edir.
- Peşənin cinsi ilə bağlı stereotiplər necə qırılmalıdır?
- Mən düşünmürəm ki, qadınla kişi eynidir. Fizioloji cəhətdən biz tamamilə fərqliyik. Amma bacarmaq istədiyin iş fiziologiyanda problem yaradırsa, ondan imtina etməyə yenə də özün qərar verməlisən. Fərd olaraq, insan öz seçimini etməlidir və nə üçün seçdiyini anlamalıdır. Mühəndislik, proqramlaşdırma sahələrində isə sən daha çox beyinlə düşünürsən, bu sahədə fizioloji problem də yoxdur. Biz tarixə nəzər salsaq, ilk proqramlaşdırma dilini də qadın yazıb, “Wİ-Fİ”-ın də layihəsini qadın yaradıb. Amma yenə də bu sahəni kişilərə “yaraşdırırlar”. Maarifləndirmə və qadınların bacarıqlarını sübut etməklə stereotipləri qıra bilərik. 21-ci əsrdə peşənin cinsindən danışmaq, qadın, kişi peşələri kimi kateqoriyalara ayırmaq gülüncdür.
- Bu gün Azərbaycan qızlarının ən böyük baryeri nədir?
- Düşüncə tərzləri. Əgər ətrafındakı insanlar səni sıxma-boğmaya salırlarsa, özünü günahlandırmaq lazım deyil. Sən bununla mübarizə aparmalısan. Təslim olmaq olmaz. İnsanlar rahata qaçmağa meyillidir. Problem görəndə dayanır, yollarını dəyişmək istəyirlər. Xəyallarınıza mane olan insanlardan uzaqlaşmaq lazımdır. Ailədə də uşaqlıqdan öz fikrini açıq deməyi bacarmaq lazımdır.
İnsanlarla dost olacaq robotlar
- Sonabəyim xanım, mübarizə ilə nail olduğunuz peşənizdən danışaq. Tədqiqat işiniz əsasən nə ilə bağlıdır?
- Almaniyada robototexnika üzrə tədqiqatçı olaraq çalışır, professor köməkçisi kimi fəaliyyət göstərirəm. Həmçinin tədqiqatçı olaraq beynəlxalq layihələrdə iştirak edir, Yaponiya, Avropa ölkələri ilə əməkdaşlıq edirik. Hazırda robototexnikanın “Humanoid Robotics” istiqamətində çalışıram. Yəni insanabənzər robotlar hazırlayırıq. “Bu robotlar cəmiyyətə necə inteqrasiya ola bilər” kimi suallar ətrafında tədqiqatlar aparırıq. Daha çox yaşlı insanlarla çalışırıq, çünki Almaniyada, Yaponiyada yaşlı insanların sayı ildən-ilə artır, onların təklik problemləri yaranır. Yaşlıların ətrafında çox vaxt ailələri olmur. Biz çalışırıq ki, onlarla vaxt keçirən, sağlamlıq göstəricilərini yoxlaya bilən robotlar düzəldək.
- Yəni robotlar onlarla dostluq edəcək...
- Üzərində işlədiyim robot “actroid f”dir. İlk baxışdan insana çox bənzəyir. Ancaq robotdur. İnsanlarla söhbət edir, onun həyatı haqqında danışır, ona dəstək ola, həmçinin vacib informasiya olanda onu nəzərə ala bilir. Məsələn, Yaponiyada insanlar özlərinə qəsd etməyə daha meyillidirlər. Onların bu addımı atmamasına robot kömək edir. Robotla danışdıqca, problemi hiss edir, onu dinləyir və fikrindən daşındırmağa çalışır.
Problem robotlarda deyil, insanlardadır
- Robotların cəmiyyətə inteqrasiyası üzrə tədqiqatlar aparırsınız. İnsanların bəziləri robotların həyatımızı ələ keçirəcəyini, bizə zərər verəcəyini düşünür. Bəs mütəxəssis olaraq siz necə düşünürsünüz?
- Problem robotlarda deyil, insanlardadır. Robot sadəcə alətdir. Robotu idarə edən insandır. Nifrəti də ona insan ötürür, sevgini də. Adi qələmdən yazmaq üçün də istifadə etmək olar, kiməsə xəsarət yetirmək üçün də. Ona görə düşünürəm ki, bunun tənzimlənməsi olmalı, diqqətlə izlənməlidir. Hansı qurum hansı məqsədlə yaradır, nəzarət olunmalıdır. Yaxşı insan, pis insan olduğu kimi, yaxşı robot və pis robot da yaratmaq mümkündür.
- Tədqiqatçı kimi İtaliya, Belçika, Yaponiya, Fransaya səyahət etmisiniz. Bu ölkələrdə öz sahənizlə bağlı sizi nə təəccübləndirib?
- İnsanların işə yanaşması məni təəccübləndirib. Ən təəccüblü isə Yaponiyadır. Mən Azərbaycanın iş sistemindən Almaniyaya gələndə də tam fərqli yanaşma ilə qarşılaşmışdım. Almaniyadan Yaponiyaya getdikdə də ikinci şoku yaşadım. Orada işə yanaşma tərzi elədir ki, sənin supervizorun nə dedisə o olmalıdır, sən onu sorğu-sual edə bilməzsən. Yeni ideyalar barədə danışmaq çətindir. Ən əsası, sənə heç vaxt açıq “hə”, ya “yox” demirlər. Bunlar mənə görə mənfi cəhətlərdir. Almanlar yaponlardan fərqli olaraq çox konkretdirlər. Amma Yaponiyada texnologiya çox inkişaf edib və insanlara qarşı hörmət çox yüksəkdir. Onlar ev yeməklərini də texnologiya ilə edirlər. Bu, onların işləmə mədəniyyətlərinə görədir. Yaponların iş saatları yoxdur. Belə başa düşdüm ki, insanların yemək bişirməyə belə vaxtları yoxdur. Eynən azərbaycanlılar kimi çox qayğıkeşdirlər. Yaponların bəzi xüsusiyyətlərini bizə oxşadırdım.
- “Həyatda vacib bacarıqlardan biri hədəfini müəyyənləşdirməkdir” demisiniz. Sizcə, hədəfi müəyyənləşdirməyin yaşı varmı?
- Xeyr, yaşın önəmi yoxdur. Uşaqlıqda mənə araşdırmaq, suallarıma cavab tapmaq maraqlı idi. Böyüdükdə də ardınca getdim, indi tədqiqatçıyam. Amma insan var ki, 40 yaşında hədəfini müəyyənləşdirir. Bu, yaşdan asılı deyil. Amma “vaxtım var, sonra düşünərəm” kimi yanaşma da düz deyil. Vaxt həmişə azdır. Düşünürəm ki, hədəf də ancaq karyera üzərində qurulmamalıdır. Yaşamağı da unutmaq lazım deyil. Ancaq karyera dalınca qaçıb özünü unutmağı düzgün qəbul etmirəm.
- “Həmişə arzulardan qaçıb daha real ola biləcək ssenari ilə gedərək, həyatımda çox səhvlər etmişəm” deyirsiniz. Sizcə, arzular reallıqdan öndə olmalıdır?
-Bəli. Məncə, arzuların olmalı, onlara doğru çalışmalısan. Ola bilər ki, sənin arzuladığın səmt başqa yerdədir. Amma sən əgər çalışırsansa, ona çatmaq olar. Mənim problemim o olub ki, reallıqla getmişəm. İstədiyim bir neçə istiqamət olub, onlardan hansı daha tez reallaşa bilər düşüncəsi ilə yanaşmışam. Əgər bir ideyanı beynində canlandıra bilirsənsə, onu reallaşdıra da bilərsən.
- Həm oxuyur, həm işləyirsiniz. Boş vaxtlarınızda da sosial şəbəkələrdə insanları maarifləndirməyə, onların suallarına cavab verməyə çalışırsınız. Nə üçün?
- Öyrəndiklərimi paylaşmağı sevirəm. Bu, məktəbdə də belə olub, universitetdə də. İlk dəfə Almaniyaya gedəndə də tələbələri xaricdə oxumaqla bağlı məlumatlandırır, çətinliklərini deyirdim ki, buna hazır olsunlar. Mən özüm də araşdırma etmişəm, insanlar təcrübələrini paylaşıblar. Təcrübəli adamla danışdıqda onlar sənə yol göstərdikdə arzularını reallaşdırmağa bir addım da yaxınlaşırsan. Çünki qarşında sənin istədiyini bacaran real insan təcrübəsi olur. Ona görə tələbələrin arzularını reallaşdırmaq üçün əlimdən nə gəlirsə, etməyə çalışıram.(kaspi.az)
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay