Üç milyon dollar qiyməti olan bu robot kostyumu nələrə qadirdir?
Yaponiyalı mühəndislər kosmos tədqiqatlarında və fövqəladə hallarda istifadəyə ümid etdikləri çox populyar cizgi serialının personajına bənzəyən 3,5 ton ağırlığında robot kostyumu yaradıblar.
Valyuta.az xəbər verir ki, Tokioda yerləşən "Tsubame Industries" startapı 1970-ci illərdə yayımlanan eyni adlı yapon serialındakı "Mobile Suit Gundam"a bənzəyən 4,5 metr hündürlüyündə, dördtəkərli "Archax" robotunu hazırlayıb. Qanadlı dinozavr arxeopteriksinin adını daşıyan və üç milyon dollar dəyərində olan robotun xarici hissəsindəki kameralardan görüntüləri qəbul edən kokpit monitorları var. Bu da pilotun robotun gövdəsinin içindən joystiklərlə qol və əlləri idarə edə bilməsinə imkan yaradır.
Bu ay Yaponiya Mobility Sərgisində təqdim olunacaq robotun iki rejimi var: dik dayanan "robot rejimi" və saatda 10 km sürətlə hərəkət edə bilən "avtomobil rejimi". "Tsubame Industries"in 25 yaşlı baş direktoru Ryo Yoşida açıqlamasında, "Yaponiya animasiya, oyunlar, robotlar və avtomobillərdə çox yaxşıdır, ona görə də bütün bu elementləri bir araya gətirən məhsul yaratmağın əla olacağını düşündüm" - sözlərini söyləyib. Yoşida bu maşınlardan beşini varlı robot həvəskarları üçün istehsal edib satmağı planlaşdırır. Lakin o, ümidvardır ki, robot bir gün fəlakətlərin aradan qaldırılması və ya kosmik sənayedə istifadə oluna bilər. Gənc yaşlarından istehsalatla maraqlanan yapon mühəndis, babasının dəmirxanasında qaynağı öyrənib və sonra mioelektrik protez əllər istehsal edən şirkət qurub. Yoşida Yaponiyanın istehsal sahəsində rəqabət qabiliyyətini saxlamaqda maraqlı olduğunu söyləyib.
"Tsubame Industries", ağır yük daşıyan işçilərə köməklikdən tutmuş hərbi "super əsgər" kostyumlarına qədər tətbiqləri olan robotik ekzoskeletlər üzərində işləyən bir neçə startapdan biridir. ABŞ ordusu artıq bir neçə ekzoskelet prototipini nümayiş etdirib. Bu vasitələrdən birinin dəniz piyadalarına 10 dəfəyə qədər güc və qabiliyyət təqdim edəcəyi iddia olunur. Bu layihənin arxasında duran "Sarcos Robotics" şirkəti 2020-ci ildə verdiyi bəyanatda əsas məqsədlərinin əsgərlərə bacarıqlarını, həmçinin müxtəlif logistika tətbiqlərində təhlükəsizlik və məhsuldarlığı kəskin şəkildə artırmağa üstünlük vermək olduğunu bildirib.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay