Keçmiş nazirin şirkətinə verilmiş tender ləğv olundu
Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamenti (MKTD) yanında Kommunal Xidmətlər Müəssisəsi (KXM) fevralın 9-da 2 zibil maşınının alınması üçün keçirilən tenderin nəticələrinin ləğv olunduğunu elan edib.
Buna qədər analoji qərarı Bakıda MKTD-nin digər müəssisəsi qəbul edib.
Zibil maşınlarının alınmasına dair elektron tender 2020-ci ilin dekabrın 9-da başa çatıb. Tenderdə "Improtex Trucks & Buses” MMC qalib gəlib. Bir ay sonra KXM MM Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məktub alıb.
Məktubda xüsusi kommunal avadanlıqların alınması üçün bütün iddiaçıların təkliflərinin "tenderin əsas şərtlər toplusunun formal tələblərinə cavab vermədiyi” qeyd edilib.
Bununla əlaqədar olaraq KXM tenderin nəticəsini ləğv edib. "Improtex Trucks & Buses” MMC qiyməti 914,3 min manat olan "MAN” markalı iki zibil maşını təklif edirdi.
Oxşar qərar fevralın 3-də Bakı şəhəri Nizami rayonunun MKTD-nin Mənzil Kommunal Xidmətlər Birliyi qəbul edib.
Qiyməti 821,7 min manat olan iki kommunal texnikanın tədarükü təkilifi ilə "Improtex Trucks & Buses” MMC tenderin qalibi elan edilib.
2020-ci ildə "Improtex Trucks & Buses” Bakı şəhəri MKTD Mənzil-Kommunal Xidmətlər Birlikləri ilə ümumi dəyəri 10.4 mln. manat olan kommunal nəqliyyat vasitələrinin təchizatı üçün iki müqavilə imzalayıb.
"Turan” İA telefon zənglərinə cavab verməyən "Improtex Trucks & Buses” MMC-dən tender komissiyalarının qərarlarına dair şərh ala bilməyib.
Bu şirkət "MAN Truck & Bus SE”-nin Azərbaycandakı rəsmi idxalçısıdır.
Şirkət keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun aili biznesinin bir hissəsidir.
Konsolidə edilmiş maliyyə hesabatına əsasən, 2019-cu ilin əvvəlinə şirkətin bölüşdürülməmiş mənfəəti 1,7 mln. manatı ötürdü.
Ötən il, dekabrın 1-dən 10-a qədər "Az-Tex-İmport” şirkəti Bakı şəhəri MKTD-nin strukturlarının 5,6 mln. manatdan çox məbləğdə nəqliyyat və xüsusi texnikanın alınmasına dair 7 tenderinin qalibi olub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay