05.03.2024 / 12:32
Mədəniyyət Nazirliyi Əli Həsənova bağlı şirkətlə müqavilə imzaladı - Müəmmalı məqamlar
43668
Mədəniyyət Nazirliyinin tabeliyinidə fəaliyyət göstərən "Əsaslı Tikinti və Təchizat” MMC "Azərmətbuatyayımı” ASC (VÖEN-1500515761) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, Mədəniyyət Nazirliyi bu müqaviləni tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu əsasında imzalayıb.
Müqavilənin şərtlərinə görə "Azərmətbuatyayımı” ASC Mədəniyyət Nazirliyinə "Ölkəmizdə həyata keçirilən çoxsahəli və davamlı islahatlar, cəmiyyətimizin bütün sahələrinin inkişafı barədə məlumatların əldə edilməsi üçün nəşr olunan rəsmi qəzetlərə, həmçinin milli və dövlətçilik ənənələrini təbliğ edən bir sıra müstəqil mətbu orqanlarına olan abunənin çatdırılması” xidmətini göstərəcək və qarşılığnda 15 min 166 manat 80 qəpik alacaq.
Tender müsabiqəsində diqqət çəkən məqamlardan biri odur ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.
Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsi ilə həyata keçirilir.
Başqa bir məqam satınalmanın bir mənbədən satınalma metodu əsasında keçirilməsidir.
Bildiyimiz kimi, "Dövlət satınalmaları haqqında” Qanunun 49-cu maddəsində açıq şəkildə qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur:
- Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda;
- Satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;
- Satınalma predmetinə təcili tələbat yarandıqda;
- Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;
- Satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.
Qeyd edək ki, rəsmi qəzet və digər mətbu orqanlara abunə yazılmanın Qanunda göstərilən bu şərtlərdən hansına uyğun gəldiyi başa düşülən deyil.
Onu da qeyd edək ki, Mədəniyyət Nazirliyinin satınalma müqaviləsi imzaladığı "Azərmətbuatyayımı” ASC 7 avqust 2007-ci ildə dövlət qeydiyyaytına alınıb. Qanuni təmsilçisi Salmanov Süleyman Əli oğlu olan ASC-nin hüquqi ünvanı "Nərimanov rayon, Ceyhun Hacıbəyli, ev 30 K”da yerləşir.
Qeyd edək ki, "Azərmətbuatyayımı” ASC-nin təsisçisinin "Kaspi Mətbuat Yayım” MMC (VÖEN – 1700165031) olduğu bildirilir. 1 mart 2004-cü ildə dövlət qeydiyyatına alınan "Kaspi Mətbuat Yayım” MMC-nin qanuni təmsilçisi də Salmanov Süleyman Əli oğludur.
"Kaspi Mətbuat Yayım” MMC-nin dövlət qeydiyyatına alındığı hüquqi ünvanda – Fi̇krət Əmi̇rov küçəsi, ev 1 ünvanında Prezident Administrasiyasının ləğv olunan İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənоvun ailə üzvlərinə bağlı olan şirkətlər yerləşib.
Fi̇krət Əmi̇rov küçəsi, ev 1 ünvanında qeydiyyatda olan və ləğv olunan "ATOM QİDA” MMC-yə (VÖEN -1701554201) Əli Həsənovun ABŞ-də yaşayan oğlu Şamxal Həsənli rəhbərlik edib.
2021-ci ildə Əli Həsənovun ailə üzvlərinə məxsus olan və Fikrət Əmirov küçəsi, ev 1 ünvanında yerləşən "Bakı 24” MMC, "Kaspi AZ” MMC, "Mətbuat Evi” MMC, "Golden Prince” MMC, "Global Advertisment” MMC və "Kaspi Co” MTK adlı şirkətlər də ləğv olunduğunu elan ediblər. Adları çəkilən bu şirkətlərə Şamxal Həsənli və Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevanın yaxın qohumu Azər Vəliyev rəhbərlik edib.
Bunlardan başqa hazırda Fi̇krət Əmi̇rov küçəsi, ev 1 ünvanında qeydiyyatda olan "Kaspi Education” MMC-nin (VÖEN – 1701352711) qanuni təmsilçisi də Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevadır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay