Gələcəyin ixtisasları: Proqnozlar özünü doğrultmaya da bilər...
Azərbaycanda ixtisas seçimi bu gün başa çatır. Artıq 80 minə yaxın abituriyent ərizəsini təsdiqləyib.
Ölkəmizdə ixtisas seçimi zamanı abituriyentlər bir çox faktorları nəzərə alır. Bunlar arasında ixtisasın prestiji, məzunların əmək bazarındakı yeri və sair kimi amillər var. Ancaq ixtisas seçimi zamanı əvvələr ölkəmizdə ənənələr də vacib rol oynayıb. Belə ki, qızlar daha çox müəllimlik və həkimlik peşələrinmə yönləndirilib və texniki ixtisaslardan uzaq düşüblər.
Oğlanlar texniki, qızlar humanitar ixtisaslara üstünlük verib...
Valyuta.az xəbər verir ki, Təhsil eksperti Nadir İsrafilov da Modern.az-a açıqlamasında deyir ki, uzun illər ixtisas seçimində bir qayda olaraq oğlan abituriyentlər texniki və iqtisad, qız abituriyentlər isə humanitar ixtisaslara üstünlük verib:
“İxtisas saçimində müəyyən məqam və nüanslar var ki, bunu da seçimin məhz abituriyentin sırf maraq və istəkləri ilə əlaqələndirmək düzgün olmazdı. Belə ki, arzu və istəklərin fərqli olması, gənclərin ən yaxşı bildikləri fənnin daha çox əhəmiyyət kəsb etdiyi ixtisas qrupuna üstünlük verməsi, valideyn və repetitor reaksiyası və təsiri, ödənişin olub-olmaması və ya azlığı, çoxluğu, regional xüsusiyyətlər, gələcəkdə işlə təmin olunmaq, erkən karyera qurmaq perspektivləri, keçid balının əlçatanlığı, plan yerlərinin limiti və digər şərtlər də abituriyentin ixtisas seçiminə təsirsiz ötüşməyib. Hazırda hər il, hər bir ixtisas qrupu üzrə abituriyentlərin istəyinə ən çox uyğun olan və ərizələrdə daha çox birinci yerdə göstərilən ən nüfuzlu ixtisaslar müəyyən edilir. Yəni, DİM-in illik məlumatlarına əsasən, abituriyent ərizələrində birinci yerdə göstərilməsinin sayı əsasında hər qrupun ən nüfuzlu ixtisası müəyyənləşdirilir. O da danılmaz faktdır ki, abituriyentlərin ən həlledici anları onların ixtisas seçimi ilə bağlıdır. İxtisas seçiminə kənar müdaxilələrə yol verilməməsi üçün abuturiyent oxuya biləcəyi bir ixtisası seçməlidir ki, gələcəkdə məcburi ixtisas dəyişmək məcburiyyətində qalmasın”.
"Əmək bazarını tərk edən peşələrdən yeni peşələr yaranır"
Nadir İsrafilov peşələri “perspektivli”, “perspektivsiz”, “nüfuzlu”, “nüfuzsuz” kateqoriyalara bölməyi düzgün yanaşma hesab edir:
“Bu kimi təsnifatlandırmalar insanlarda müəyyən peşələrin artıq sıradan çıxması təəssüratı yaratmaqla yanaşı, həm də bu kimi ənənəvi peşələrə marağın itməsini zəruriləşdirir. Halbuki, peşə məzmunca elə həmin peşədir, sadəcə olaraq formaca dəyişmiş olur. Yəni, canlı ünsiyyət tədricən texnoloji proseslə əvəz olunur. Başqa sözlə dünyada baş verən texnoloji dəyişikliklər və biznes münasibətlərində yaranan yeni şərait əmək bazarına da təsirsiz ötüşmür. Bu gün cərrahları yaxın gələcəkdə “tibbi robotların operatoru”nun əvəz edəcəyi, sinoptikləri “ətraf mühitin bərpası üzrə mühəndis”lərin, təyyarə və helikopterlərdə pilotları robotların əvəzləyəcəyi barədə söhbətlər gedir. Artıq Avropadakı bəzi məktəblərdə robotlar müəllimlik etməyə başlayıb. Hansısa texnoloqların yaxın gələcəkdə ali məktəbi bitirən gənclərin əksəriyyətinin əsasən kosmos və virtual reallıq sahələrinə maraq göstərəcəkləri barədə proqnozları zamanı qabaqlamaqdan və indidən mövcud peşələri gözdən salmaqdan başqa bir şey deyil. Nəyin necə olacağı zamana bağlı olan məsələdir. Bu gün əmək bazarını tərk edən peşələrdən yeni peşələr yaranır. Yəni, hər şey yeniləndiyi kimi, peşələr də yenilənir və bu heç də o anlama gəlmir ki, sanki, belə bir peşə heç olmayıbmış və lazımsızmış. Təbii ki, dünyada rəqəmsallaşma sürətlə artır. İnformasiya texnologiyaları, rəqəmsallaşma ilə bağlı olan ixtisasların üstünlük təşkil edəcəyi gözlənilir. Gələcəyin ritmini müəyyən edəcək peşələrin bu gün daha çox texnologiyalar ilə bağlı peşələr olması, işlərin bir çoxunun avtomatik olaraq yerinə yetirilməsi ilə razılaşaq, ancaq ümid edək ki, həyati əhəmiyyət kəsb edən tibb, mühəndislik, memarlıq, müəllimlik, kimi peşələrin robotlaşdırılmasına zərurət yaranmayacaq”.
"Gənclər ali məktəbə qəbula hansısa bir diploma sahiblənmə vasitəsi kimi baxmasınlar"
Ekspert qeyd edir ki, bizdə valideynlər övladlarının nüfuzlu ali məktəblərə və nüfuzlu fakültələrə qəbul olmağı ilə fəxr edirlər:
“Hamı hüquqşünas, diplomat, həkim, mühəndis olmaq üçün can atır. Bu hər şeydən əvvəl ondan irəli gəlir ki, xüsusilə son illərdə “Dövrün tələblərinə uyğun olmayan ixtisaslar”, “lazımsız ixtisaslar”, “nüfuzlu ixtisaslar”, ”ən nüfuzlu ixtisaslar”, “nüfuzsuz ixtisaslar” və s. bu kimi fikirlərə geniş yer verilir. Belə mövqelər açıqlanır ki, məsələn elektrik mühəndisliyi, gəmiqayırma, maşınqayırma, meteorologiya mühəndisliyi, geodeziya və xəritəçilik kimi xeyli ixtisas var və onlar artıq müasir dövrün tələblərinə uyğun deyil. Texnoloji yeniliklər bu ixtisasların əhəmiyyətini azaldıb. Baytarlıq, aqronomluq, meşəçilik, zootexniklik, kimi ixtisaslara da hazırda əmək bazarında demək olar yer yoxdur. Ümumiyyətlə ixtisasların “nüfuzlu” və “nüfuzsuz” kateqoriyalarına bölünməsini də yolverilməz hesab edirəm. Nəyə görə hüquqşünas, diplomat nüfuzlu ixtisas olmalıdır, zootexnik, baytar nüfuzsuz? Bəzi insanlar bəzi ixtisasların aktuallığının tamamilə itirdiyini və bu istiqamətdə kadr hazırlığına ehtiyac qalmadığını düşünürlər, vəziyyət isə başqadır”.
Ekspert sonda qeyd edib ki, yüksək texnologiya nə qədər inkişaf etsə də, robotlar insan işini görsələr də canlı mütəxəssisin bir işə can yandırmağı başqa məsələdir:
“Məgər bizə zootexnik, baytar, aqronom lazım deyil? Nə vaxta qədər neftdən, qazdan asılı qalmalıyıq? Hesab edirəm ki, iqtisadiyyatımızın dinamik inkişafı naminə, sosial ədalət və sosial rifah naminə bütün ixtisaslara və peşələrə eyni gözlə baxmalıyıq. Bunun üçün kifayət qədər müxtəlif üsul və vasitələr, habelə stimullaşdırıcı imkanlar axtarıb tapmaq olar. Gəlin, çalışaq zamanı qabaqlamayaq, zaman bizdən daha sürətlidir. Əsas odur ki, gənclər ali məktəbə qəbula hansısa bir diploma sahiblənmə vasitəsi kimi baxmasınlar. Bir il, iki il gec olsun, ancaq seçdikləri ixtisas ürəklərincə olsun. Seçdikləri ixtisasa özlərində bir bağlılıq hiss etsinlər. Yalnız bu halda işini bilən, işini sevən peşəkar mütəxəssisə çevrilmək olar. Ən etibarlı və güvənli seçim abituriyentin öz seçimidir”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay