DİM-in sınaq imtahanlarının qiyməti niyə bahadır? - AÇIQLAMA
Artıq avqustun sonlarından abituriyentlər repetitor yanına getməyə, ali məktəbə qəbul imtahanlarına hazırlaşmağa başlayacaqlar.
Onlar öz biliklərini yoxlamaq üçün tez-tez sınaq imtahanlarına gedirlər. Ancaq bu imtahanların qiyməti hər abituriyentə uyğun olmur. Belə ki, DİM-dən verilən məlumata görə, bu il qəbul imtahanının ikinci mərhələsi üzrə keçirilən sınaq imtahanının qiyməti 40 manat olub.
DİM-in sınaq imtahanlarının qiyməti 40, kurslarınkı 15-20 manatdır...
Bundan əlavə, kursların keçirdiyi sınaqlar isə 15-20 manat arasında dəyişir. Bu da bir çox abituriyentin narazılığına səbəb olur.
Həmin abituriyentlərdən biri də 11-ci sinif şagirdi Hüseynova Nərgizdir (Şərti ad). III ixtisas qrupu üzrə hazırlaşan abituriyent Bizim.Media-ya açıqlamasında bildirir ki, o, səhvlərinin üzərində işləmək, biliklərini təkmilləşdirmək üçün sınaqlarda iştirak edir.
“Müəllimimin məsləhətiylə həm DİM-in, həm də kursların sınaqlarında iştirak etdim. DİM-in sınağı 40 manat, kursların sınağı isə 18 manat idi. Düzdür, DİM-in sualları, sınağa salınan mövzular lazımlı, həmçinin, imtahan suallarına yaxındır. Kursların sualları çox primitivdir. Amma istənilən halda qiymətlərdən narazıyam, çünki onsuz 11-ci sinif olduğumuz üçün hazırlıqlara, test vəsaitlərinə və s yerlərə pul sərf edirik. İstəyərdik ki, sınaqların qiyməti nisbətən sərfəli olsun”.
Müsahibimiz deyir ki, kursların keçirdikləri sınaqlar ümumiləşdirilmiş olmur, yalnız müəyyən mövzuları əhatə edir, buna görə də o ayrı-ayrı mövzular üçün yenidən sınağa getməyə məcbur olur və bu da əlavə xərcdir.
Sözügedən məsələylə bağlı saytımıza açıqlama verən təhsil eksperti Vüsal Kərimli isə deyir ki, DİM sınaqlarının bu qədər baha olması anlaşılan deyil:
“Çünki maya dəyəri aşağıdır. Ona görə də bu bazar reallıqlarını əks etdirmir.
Nəzərə alaq ki, abituriyentlərin hazırlıq prosesində başqa xərcləri də olur. DİM öz statusundan istifadə edərək qiymətləri baha təşkil edir. Amma bu hər kəsin öz cibinə uyğun etdiyi bir seçim olduğu üçün heç bir tərəfi günahlandıra bilmərik. Bazarda rəqabət mühiti formalaşıb. Kursların hər mövzuya ayrıca sınaq etməsi tələbə üçün daha çox xərcə səbəb olur. Əgər biz ümumi olaraq baxsaq, DİM-in qiyməti daha uyğun görünür, amma tələbə bəzən ümumi olaraq yox, yalnız müəyyən bir hissə üzrə biliklərini yoxlayır. Yenə də DİM-in sınaq qiymətlərini baha hesab edirəm”.
Qiymətlər necə tənzimlənməlidir?
Ekspertin sözlərinə görə kurslar özəl təşkilatlardır və qiymətlərini özləri müəyyən edirlər:
“Bu da bir seçimdir, istəyən daha ucuzuna gedə bilər. DİM də özünü maliyyələşdirən publik hüquqi şəxsdir və o da özü qərar verir. Ancaq qiymətləri bir az aşağı salmaq lazımdır. Bu da iqtisadi yanaşmanı tələb edir, buna görə də gərək həm kurslar, həm də DİM abituryentləri, onların ailə gəlirlərini nəzərə alaraq qiymətləri aşağı salsınlar”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay