9 minə yaxın tələbə bir ildə universitetlərdən xaric edilib - Səbəblər
Dövlət İmtahan Mərkəzinin məlumatına görə, 2023-cü ildə Azərbaycanda ümumilikdə 8631 nəfər ali və orta təhsil səviyyəsində təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə təhsil aldığı müəssisədən xaric edilib. Müqayisə etdikdə bu "Tələbə-Məzun" sisteminin mövcud olduğu dövrdən bəri ən yüksək göstəricidir.
Bəs tələbələrin təhsil aldığı müəssisədən xaric edilməsinin kütləvi hal almasında səbəblər nələrdir?
“Azərbaycanda təhsil haqları çox yüksəkdir”
Təhsil eksperti Məzahir Məmmədli bu barədə danışıb:
“17 iyul 2021-ci il tarixli prezidentin sərəncamı ilə Təhsil Tələbə Kredit Fondu yaradıldı. Bu fond vasitəsilə cəmiyyətdə ümid yaranmışdı ki, artıq müvəffəq balı toplayıb, imkansız olan tələbələr də təhsili başa vura biləcəklər. Amma təəssüf ki, bu, gözlənildiyi kimi olmadı. Azərbaycanda təhsil haqqları çox yüksəkdir. Dövlət müəssisələrində, ali təhsil müəssisələrində 2000-6500 manat aralığındadır, özəl universitetlərdə isə 4000-5000 aralığındadır. Bu kimi ödənişlər bizim cəmiyyətimizdə adekvat deyil. Ona görə də, abituriyentlər daha DİM-in blok imtahanlarından sonra xaricdə təhsil almağa daha çox üstünlük verirlər. Bu qədər xərclə xaricdə daha rahat təhsil almaq olur, nəinki, Azərbaycanda”.
Kredit fondundan kimlər yararlana bilər?
Məzahir Məmmədli deyir ki, Təhsil Tələbə Kredit Fondunun müəyyən etdiyi şərtlər bütün tələbələrə uyğun deyil:
“Bəs təhsil tələbə kredit fondundan kimlər yararlana bilər? Burada da elə şərtlər, kriteriyalar var ki, bütün imkansız tələbələr həmin krediti ödəyə bilmirlər. Nəticəsi yaxşı olan, ortalaması 71 baldan yüksək olan tələbələrə Təhsil Tələbə Kredit Fondu müəyyən vəsaitlər ayıra bilir. Dövlət strateji plan müəyyənləşdirib və 2026-cı ilə qədər ən azı 65 000 tələbənin qəbulu ilə bağlı bir öhdəlik var. Biz bir tərəfdən tələbələrin qəbulunun plan yerlərini artırırıq, digər tərəfdən də imkansızlıq ucbatından, və yaxud da ki, ödənişin çox olması səbəbindən tələbələr tədrisini davam etdirə bilmir, yarımçıq qoyub gedirlər. Burada bir ümid ona qalır ki, bölgələrdə yerləşən universitetlər var ki, onların ödənişləri nisbətən aşağı 1200-1700 manat aralığında ən yaxşı halda 2000-ə qədər ödənişlərdir ki, o ixtisas üzrə hətta uzaq bölgələrdən imkansızlıqdan bu universitetləri seçənlər var”.
Təhsilin keyfiyyəti ilə ödənişindəki tərs mütənasiblik
Ekspert Azərbaycanda tələbə qəbulunun sadələşdirilməli olduğunu vurğulayır:
“İllərlə əziyyət çəkib hazırlaşan hansı tələbə könüllü şəkildə təhsil müəssisəsindən uzaqlaşmağı arzulayar. Mən hesab edirəm ki, Azərbaycanda tələbə qəbulu sadələşdirilməlidir. Universitetlərimizdəki ödənişlər adekvat olmalıdır. Hər kəsin büdcəsinə uyğun qurulmalıdır. Biz bu ödənişin səviyyəsində həm də təhsilin keyfiyyətini artırmalıyıq. Təəssüflər olsun ki, bu kimi tələblər şərt kimi qoyulmur. Təhsilin keyfiyyətindən çox ödənişlə bağlı məsələlər həmişə müzakirə olunur”.
Nuray
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay