14 şəhər və rayonda imtahan təşkil olunur – DİM
Bu gün Bakı şəhərinin Binəqədi, Nizami, Səbail, Suraxanı rayonlarında, Gəncə şəhərinin Nizami rayonunda, Ağcabədi, Ağstafa, Astara, Oğuz, Şamaxı, Saatlı rayonlarında və Sumqayıt şəhərində Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilir.
Valyuta.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi bununla bağlı məlumat yayıb.
Məlumata görə, imtahan saat 11:00-da başlanır. İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.
İmtahanın başlanmasına 15 dəqiqə qalmış, saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
Xatırladaq ki, kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);
- Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
İmtahana buraxılış vərəqəsi şagirdin (abituriyentin) özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır.
İmtahanda 18367 şagirdin iştirakı nəzərdə tutulur.
İmtahanların təşkil edilməsi üçün ümumilikdə 79 imtahan binası, 1367 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 79 ümumi imtahan rəhbəri, 227 imtahan rəhbəri, 1727 nəzarətçi–müəllim, 158 buraxılışı təşkil edən əməkdaş (mühafizə), 36 bina nümayəndəsi ayrılıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay