Ailələrin aylıq ərzaq xərci 41 manat artıb - STATİSTİKA
Ərzaq məhsullarında yüksək bahalaşma sürəti 2021-ci ildə də müşahidə edilir.
Dövlət Statistika Komitəsi xəbər verir ki, bu ilin fevralında ərzaq məhsullarının dəyəri ötən ilin fevralı ilə müqayisədə 5,2 faiz yüksəlib. İllik müqayisədə yanvarda bahalaşma 4,6 faiz idi.
Ərzaq məhsullarında bahalaşma ət və ət məhsulları istisna olmaqla bütün növ mal qurplarında qeydə alınıb. 2021-ci ildə də ərzaq məhsullarından bahalaşma çempionları meyvə və tərəvəzdir. İllik müqayisədə cari ilin fevral ayında tərəvəzlər 10,6 faiz, meyvələr 10,5 faiz bahalaşıb. Yanvarda tərəvəzlərdə bahalaşma 8,1 faiz, meyvələrdə 9,5 faiz idi. Fevralda tərəvəzlərin daha çox bahalaşdığı müşahidə edilib. Yalnız bir ay ərzində tərəvəzlər 5,7 faiz, meyvələr 5,5 faiz bahalaşıb.
Süd və süd məhsulları bahalaşmada üçüncü sırada qərarlaşıb. Bu növ məhsullar illik müqayisədə 6,5 faiz bahalaşıb. Yanvarda süd və süd məhsullarında qiymət artımı 4,9 faiz olmuşdu.
Bahalaşma sürətinə görə növbəti yeri qənd, cem, bal, şokolad və konfetlər tutub. Bu qrup malların dəyəri illik müqayisədə fevralda 4,3 faiz, yanvarda 2,7 faiz artıb.
Fevralda kərə və bitki yağlarının da qiymətində artım sürəti güclənib. İllik müqayisədə ötən ay kərə və bitki yağlarında bahalaşma 4,2 faiz olub. Yanvarda yağlar 2,1 faiz bahalaşmışdı.
Çörək və çörək məhsullarında bahalaşma tempi də yüksəkdir. İllik müqayisədə fevralda çörək və çörək məhsulları 4,1 faiz dəyər qazanıb.
Fevralda mineral sular, sərinləşdirici içkilər və şirələr 3,4 faiz (yanvarda 2,7 faiz), çay, qəhvə və kakao fevralda 1,8 faiz (yanvarda 1,1 faiz) bahalaşıb.
Bahalaşma hesabına əhalinin ərzaq xərclərində artım müşahidə edilir. 2020-ci ilin yanvar-fevral aylarında ərzağa 2,995 milyard manat xərcləyən əhali bu ilin yanvar-fevralında ərzaq xərclərini 3,205 milyard manata çatdırıb.
Bahalaşma hesabına pərakəndə ticarətdə ərzaq mallarının xərclənən vəsaitin payı 53,2 faizə yüksəlib.
Statistika göstərir ki, 2021-ci ilin yanvar-fevral dövrü ərzində ərzağa adambaşına bir ayda 160,6 manat xərclənib. Ötən ilin eyni dövründə adambaşına xərc 150,4 manat idi.
Müqayisə göstərir ki, əhalinin adambaşına ərzaq xərcləri 10,2 manat, dörd nəfərlik ailənin ərzaq xərcləri isə 40,8 manat artıb. //Sfera
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay