İnvestorların təzyiqi fonunda CEO istefaları rekord həddə çatıb - "Reuters"
Dünya üzrə iri şirkətlərin baş icraçı direktorları (CEO) ötən il rekord sayda vəzifələrini tərk ediblər. Buna investorların ciddi nəzarəti və dəyişikliklərə uyğunlaşmaq təzyiqi səbəb olub.
Valyuta.Az xəbər verir ki, bu barədə "Russell Reynolds Associates" şirkəti məlumat yayıb.
Daha çox xəbər üçün Telegram kanalımıza abuna olun:
2024-cü ildə ümumilikdə 202 CEO vəzifəsindən gedib ki, bu da son altı ilin orta göstəricisi olan 186-dan çoxdur və 2023-cü illə müqayisədə 13% artım deməkdir.
Sektorlara baxdıqda texnologiya sahəsi xüsusilə seçilir. Belə ki, bu sahədə 40 CEO istefa verib ki, bu da son altı ilin orta göstəricisindən 50% çoxdur. "Russell Reynolds" 2018-ci ildən CEO dəyişikliklərini izləməyə başlayıb.
Şirkətin qlobal idarə heyəti və CEO praktikası üzrə həmsədri Marqo MakŞeyn (Margo McShane) bildirib ki, hazırda CEO axtarışları zamanı şirkətlər getdikcə daha çox icraçı rəhbərləri dəyişiklik strategiyalarını həyata keçirmək bacarığına görə seçirlər. Lakin çox vaxt bu dəyişikliyin necə baş verəcəyinə dair aydın təsəvvür olmur.
"CEO olmaq getdikcə çətinləşir, çünki naməlum istiqamətdə hərəkət etməli olursunuz", - MakŞeyn qeyd edib.
Hesabata görə, bu təzyiqlər texnologiya sektorunda daha güclüdür, çünki generativ süni intellekt kimi yeniliklər bu sahədə dərin dəyişikliklərə səbəb olur.
Aktivist investorlar da CEO dəyişikliklərində mühüm rol oynayıblar. 2024-cü ildə onların təzyiqi nəticəsində 27 CEO vəzifəsindən gedib ki, bu da 2020-ci illə müqayisədə üç dəfə çoxdur. Hesabatda bu göstəricinin "Barclays" məlumatlarına əsaslandığı bildirilir.
Ötən il baş verən CEO istefalarının təxminən dörddə biri planlaşdırılmış varislik prosesləri ilə əlaqəli olub ki, bu da yeni bir rekorddur.
"İdarə heyətləri gələcəyə baxır və daxili istedadları yetişdirir", – korporativ məsləhət şirkəti "Competent Boards"un təsisçisi Helle Bank Yorqensen (Helle Bank Jorgensen) bildirib.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay