Ötən il dünyada 17 milyon elektromobil satılıb - Yarıdan çoxu Çinin payına düşür
Dünyada elektrikli avtomobil satışları 2024-cü ildə 17,1 milyon ədədə çataraq yeni bir rekord müəyyənləşdirib.
Valyuta.az bu barədə “Anadolu” agentliyinə istinadla xəbər verir.
ABŞ və Kanadada satışlar 9 faiz artıb
ABŞ və Kanada bazarlarında elektrikli avtomobil satışları ötən il ərzində tətbiq olunan vergi güzəştlərinin təsiri ilə 9 faiz artaraq 1,8 milyona çatıb. Xüsusilə, dekabr ayında 185 mindən çox elektrikli avtomobil satışı ilə Şimali Amerika bazarı rekordla ili başa vurub. Region ümumi olaraq 2024-cü il ərzində orta hesabla 10 faiz böyümə nümayiş etdirib.
Lakin ABŞ-da elektrikli avtomobil bazarının gələcəyi ilə bağlı bəzi risklər mövcuddur. Yeni emissiya standartlarının tətbiqi və elektrikli avtomobillərə verilən vergi güzəştlərinin ləğvi ilə bağlı mümkün təhlükələr satışlara təsir göstərə bilər. Buna baxmayaraq, ABŞ-da elektrikli avtomobil və batareya təchizat zəncirinin gücləndirilməsi üçün bir çox zavodun inşası davam edir.
Elektrikli avtomobil satışlarının yarıdan çoxu Çində həyata keçirilib
Çində elektrikli avtomobil satışları ötən il illik müqayisədə 40 faiz artaraq 11 milyon ədədə çatıb. Bununla da qlobal elektrikli avtomobil satışlarının yarıdan çoxu bu ölkədə baş tutub. Çin bazarında "BYD" markası ən çox satılan elektrikli avtomobil istehsalçısı olaraq satışların üçdə birindən çoxunu təşkil edib.
Ümumi olaraq, 2024-cü ildə elektrikli avtomobil satışlarının 11 milyonu Çində, 3 milyonu Avropada, 1,8 milyonu ABŞ və Kanadada, qalan 1,3 milyonu isə dünyanın digər bölgələrində qeydə alınıb. Dünyanın digər bölgələrində 1,3 milyonluq satış həcmi 2023-cü ilə nisbətən 27 faiz artım göstərib.
Avropa bazarında kiçilmə, regional fərqliliklər artır
"Rho Motion" şirkətinin məlumat meneceri Çarlz Lester elektrikli avtomobil satışlarına dair məlumatları dəyərləndirərək, 2024-cü ildə qlobal bazarda bəzi çətinliklərin yaşandığını, lakin ümumi optimist atmosferin davam etdiyini bildirib. O qeyd edib ki, qlobal satışlar ötən il 25 faiz artaraq “partlayış” yaşayıb, lakin regional fərqlər də artıb.
“Avropa bazarı 3 faiz kiçildiyi halda, Çin bazarı 40 faiz böyüdü. Hökumətlərin tətbiq etdiyi təşviq və məhdudiyyətlərin təsirli olduğu açıqdır. Şimali Amerikada satışların 9 faiz artımı əsasən istehlakçı subsidiyalarına bağlana bilər. Birləşmiş Krallıqda isə sıfır emissiyalı avtomobil öhdəliyi istehsalçıları aşağı emissiyalı avtomobillərini bazara çıxarmağa təşviq etdi. Bununla belə, Almaniyada subsidiyaların ləğvi bütün Avropa bazarına mənfi təsir göstərdi. Əgər ABŞ da eyni addımı atarsa, oxşar təsiri görmək mümkündür” - deyə Lester bildirib.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay