Qlobal elektromobil bazarı: Avropanın tənəzzülü fonunda Çinin tərəqqisi - "Euronews"
Elektrikli avtomobil araşdırma şirkəti "Rho Motion" tərəfindən hazırlanan yeni bir hesabat göstərir ki, Çin 2024-cü ilin noyabr ayında qlobal elektrikli avtomobil satışlarının üçdə ikisinə töhfə verib.
Valyuta.Az xəbər verir ki, şirkət tərəfindən hazırlanan hesabatda qeyd olunur ki, noyabr ayı elektromobil satışlarında rekord göstəricilərin əldə edildiyi dövr olub və dünya üzrə 1,8 milyon ədəd elektrikli avtomobil satılıb.
Bu göstərici 2024-cü ilin oktyabrında qeydə alınan əvvəlki rekordu 100 min ədəd üstələyib.
Çin bazarı yenidən öz rekordunu yeniləyərək noyabr ayında 1,3 milyon avtomobil satışı ilə zirvəyə çatıb. Oktyabr ayında qeydə alınan satış göstəricisi isə 50 min ədəd daha aşağı idi.
"Rho Motion"a görə, cari ilin əvvəlindən bəri dünya üzrə 15,2 milyon elektromobil satılıb ki, bu da ötən ilə nisbətən 25% artım deməkdir.
Şirkətin məlumat meneceri Çarlz Lester (Charles Lester) deyib:
"Bu rübdə ardıcıl rekordlar qeydə alınan dövrdə qlobal elektrikli avtomobil satışları əhəmiyyətli dərəcədə artıb. Lakin regional mənzərə bir qədər fərqlidir. Avropa bazarı bu il indiyədək 3% azalma göstərib, lakin Çin növbəti dəfə noyabr ayında qlobal satışların üçdə ikisini təmin edib."
Avropada elektrikli avtomobil satışları azalır
Hesabata görə, Avropa İttifaqı ("Aİ"), Avropa Azad Ticarət Assosiasiyası ("EFTA") və Birləşmiş Krallıq regionunda elektrikli avtomobil bazarı tənəzzülə uğramağa davam edir. Noyabr ayında ümumi satışlar keçən ilin eyni dövrü ilə müqayisədə 3% azalıb və 280 min ədəd təşkil edib. Cari ilin əvvəlindən etibarən isə bölgədə ümumi satışlar 2,7 milyon ədəd olub.
Bununla yanaşı, Birləşmiş Krallıq, elektromobillər üçün tətbiq olunan "Sıfır Emissiyalı Avtomobil ("ZEV") İcazəsi" siyasəti sayəsində 2024-cü ilin ikinci yarısında güclü nəticələr göstərib və indiyədək 17% artım əldə edib.
"BBC", "Society of Motor Manufacturers and Traders" ("SMMT") tərəfindən yayımlanan ayrı bir hesabatda qeyd edir ki, istehsalçılar satış hədəflərinə çatmaq üçün böyük endirimlər tətbiq edir.
Digər tərəfdən, Almaniya, Fransa və İtaliya kimi Avropanın iri iqtisadiyyatlarında elektrikli avtomobil satışları ilin əvvəlindən zəif göstəricilər nümayiş etdirib.
"Avropa Avtomobil İstehsalçıları Birliyi"nin oktyabr ayına aid məlumatına görə (bu məqalənin dərc edildiyi vaxt üçün mövcud olan son rəqəmlər), "Aİ"də ilin əvvəlindən etibarən elektrikli avtomobillərin satış həcmi 4,9% azalıb. Bazardakı pay isə keçən ilki 14%-dən bu il 13,2%-ə geriləyib.
Avropalı avtomobil istehsalçıları yüksək istehsal xərcləri və artan rəqabətlə mübarizə apardıqları üçün bəzi böyük şirkətlər işçi ixtisarları və zavodların bağlanmasını elan ediblər.
Çinin liderliyi ilə qlobal elektrikli avtomobil satışları artır
Çin, noyabr ayında 1,3 milyon avtomobil satışı ilə yeni rekord qırıb və bu göstəricinin böyük hissəsi tam elektrikli avtomobillərin satışından ibarət olub. Ən çox satışı "Geely", "Tesla" və "Changan" markaları həyata keçirib.
Bununla yanaşı, cari ilin əvvəlindən etibarən hibrid avtomobillərin satışlarında daha güclü artım müşahidə olunub. Satışlar təxminən iki dəfə artıb, tam elektrikli avtomobillərin satışları isə Çində ilin əvvəlindən 18%-lik mülayim artım göstərib.
"Rho Motion"un hesabatına görə, ABŞ və Kanadada elektrikli avtomobil bazarı indiyədək sabit şəkildə 10% artmağa davam edir.
Elektrikli avtomobil araşdırma şirkəti, ABŞ-da seçilmiş prezident Donald Trampın (Donald Trump) Bayden administrasiyası dövründə tətbiq edilən vergi kreditlərini ləğv etməyi hədəfləməsinin təsiri ilə ilin sonuna doğru güclü artımın davam edəcəyini proqnozlaşdırır. Hesabatda qeyd olunur:
"Vergi kreditlərindən faydalanmaq üçün istehlakçıların alışlarını önə çəkməsi gözlənilir."
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay